
İran və Oman Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan dəhlizlərlə bağlı əldə etdikləri razılaşma barədə yaxın vaxtlarda müvafiq beynəlxalq qurumu məlumatlandıracaqlar.
IRNA agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
“İran və Oman arasında Hörmüz boğazındakı təhlükəsiz dəhlizlərlə bağlı əldə olunmuş razılaşma barədə səlahiyyətli beynəlxalq quruma yaxın vaxtlarda məlumat veriləcək”, – Bəqai deyib.
Onun sözlərinə görə, Tehran və Maskat arasında aparılan məsləhətləşmələr uğurla nəticələnib. Tərəflər təhlükəsiz gəmiçilik dəhlizlərinin coğrafi koordinatları barədə razılığa gəliblər.
XİN sözçüsü əlavə edib ki, İran və Oman müvafiq beynəlxalq qurumun məlumatlandırılması proseduru ilə bağlı da ortaq mövqeyə gəliblər və yaxın zamanda bununla bağlı addım atılacaq.