
Misir məhkəməsi keçmiş televiziya aparıcısı Sara Xəlifəni və daha 11 nəfəri narkotik vasitələrin qanunsuz istehsalı və saxlanması işi üzrə ölüm cəzasına məhkum edib.
Bu barədə “Masrawy” portalı məlumat yayıb.
Məlumata görə, daha doqquz təqsirləndirilən şəxs ömürlük həbs cəzasına məhkum edilib, yeddi nəfərə isə bəraət verilib.
Qərar yekun deyil və apellyasiya və kassasiya məhkəmələrində şikayət edilə bilər.
Xəlifənin də iştirak etdiyi cinayətkar qruplaşmanın fəaliyyətinin üzə çıxarılması ilə bağlı qalmaqal 2025-ci ilin aprelində baş verib. Həmin vaxt Qahirənin şərqindəki rayonlardan birində şəxsi mənzildə sintetik narkotiklərin istehsalı sexi aşkarlanıb. Hüquq-mühafizə orqanları ümumilikdə ən azı 750 kiloqram narkotik maddə müsadirə edib.
Sara Xəlifə karyerasına Səudiyyə Ərəbistanı və İraq televiziyalarında başlayıb. Daha sonra müəllif proqramı aparıb və Qahirədə öz gözəllik studiyasını açıb. Onun sosial şəbəkələrdəki səhifələrinə ən azı 3 milyon nəfər abunədir.