
Yəmənin Prezident Rəhbərlik Şurasının rəhbəri Rəşad əl-Əlimi bildirib ki, Beynəlxalq səviyyədə tanınan hökumətin tərəfində olan Yəmən silahlı qüvvələri husilərin və İranın Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirməsinə imkan verməyəcək.
APA xəbər verir ki, bu barədə Yəmənin dövlət agentliyi “Saba” məlumat yayıb.
əl-Əlimi bildirib ki, dövlət və silahlı qüvvələr heç bir halda İran hökumətinin Bab əl-Məndəb boğazına nəzarət yaratmaq məqsədinə çatmasına imkan verməyəcək.
Onun sözlərinə görə, bu istiqamətdə hər hansı cəhd husilərin ağır itkilərlə üzləşməsi və qüvvələrinin tükənməsi ilə nəticələnəcək.
Bu həftə Yəmənin cənub-qərbində yerləşən strateji Təiz vilayətində husilər və hökumət qüvvələri arasında qarşıdurma güclənib. Husilər hökumət qüvvələrinin mövqelərinə hücuma keçməyə cəhd göstəriblər.
“əl-Ərəbiyyə” telekanalının məlumatına görə, ötən cümə axşamı baş verən döyüşlərdə hər iki tərəfdən azı 100 nəfər ölüb.