• 25 °C
|

Pezeşkian: Çoxqütblü dünya ədalətli nizama gətirib çıxarmalıdır

1 Sentyabr 2026
img

“ŞƏT plyus” gələcək beynəlxalq nizamın formalaşmasında mühüm rol oynayan dövlətlər arasında dialoq və əməkdaşlıq platformasına çevrilə bilər.

APA-nın Bişkekə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.

İran Prezidenti bildirib ki, “ŞƏT plyus” formatı geniş coğrafi əhatəyə, əhəmiyyətli siyasi və iqtisadi potensiala malikdir.

Onun sözlərinə görə, dünyada siyasi, iqtisadi və texnoloji gücün bölgüsü dəyişir, getdikcə daha çox dövlət beynəlxalq qərarların qəbulunda mühüm rol oynamağa çalışır: “Beynəlxalq sistemin yeni reallıqları əvvəlki onilliklərdə formalaşmış strukturlara artıq tam uyğun gəlmir. Əsas məsələ bu transformasiya prosesinin necə idarə olunmasıdır”.

Məsud Pezeşkian qeyd edib ki, İran çoxqütblü dünya nizamının bir güc mərkəzinin digəri ilə əvəzlənməsi kimi formalaşdırılmasını düzgün hesab etmir.

“Çoxqütblü dünya yalnız effektiv çoxtərəfliliyə, dövlətlərin suveren bərabərliyinə və hüququn aliliyinə əsaslandığı halda ədalətli nizama gətirib çıxara bilər”, – İran Prezidenti vurğulayıb.

O bildirib ki, BMT dəyişən qüvvələr balansı fonunda imtina edilməli olan, yalnız müəyyən tarixi dövrə aid təsisat kimi qiymətləndirilməməlidir.

Pezeşkianın sözlərinə görə, BMT yeni dünyanın reallıqlarını daha dolğun əks etdirən, beynəlxalq sülh və təhlükəsizliyin qorunması, müharibələrin qarşısının alınması və mübahisələrin sülh yolu ilə həlli üzrə əsas missiyasını daha səmərəli yerinə yetirən təşkilata çevrilməlidir.