• 20 °C
|

Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq

12 Oktyabr 2026
img

Avropa İttifaqı (Aİ) qarşıdakı həftə Ukraynaya yeni raketlərin və pilotsuz uçuş aparatlarının alınması üçün əlavə maliyyə vəsaiti ayıracaq.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra “X” sosial şəbəkəsində məlumat yayıb.

Fon der Lyayen bildirib ki, oktyabrın 11-də Zelenski ilə telefon danışığı aparıb və ona tam dəstəyini ifadə edib.

Açıqlama ABŞ Prezidenti Donald Trampın Ukraynaya yeni prezidentin lazım olduğu barədə bəyanatından sonra verilib.

“Zelenskini Ukrayna xalqı ilə həmrəyliyimizə və ona tam dəstəyimə əmin etdim. Bu həftə Avropa Şurasının əsas müzakirə mövzularından biri Ukrayna olacaq”, – Avropa Komissiyasının rəhbəri qeyd edib.

Onun sözlərinə görə, görüşlərdə Ukraynanın gələn il üçün maliyyə ehtiyacları və Kiyevə yeni beynəlxalq dəstəyin səfərbər olunması yolları müzakirə ediləcək.

“Bu həftə Avropa İttifaqı Ukraynanın müdafiəsini gücləndirmək və hava məkanını qorumaq üçün pilotsuz uçuş aparatları və raketlərə əlavə maliyyə ayıracaq”, – fon der Lyayen bildirib.

O əlavə edib ki, Aİ yaxın vaxtlarda Ukraynanın Avropa İttifaqına inteqrasiyası üzrə danışıqlarda daha iki mövzu bloku ilə bağlı məsləhətləşmələrə başlayacaq.

“Bu məqamın taleyüklü olduğu aydındır”, – Avropa Komissiyasının Prezidenti vurğulayıb.