• 25 °C
|

Fransa 11 nəfərin öldüyü təyyarə qəzasının səbəbini açıqlayıb – YENİLƏNİB

28 İyun 2026
img

Fransanın şimal-şərqində yerləşən Mört və Mozel departamentinin Tomblen kommunasında baş verən təyyarə qəzasına ilkin ehtimala görə texniki nasazlıq səbəb olub.

Bu barədə BFMTV telekanalının efirində departamentin prefekti İv Segi məlumat verib.

Onun sözlərinə görə, təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Prefekt bildirib ki, təyyarə demək olar ki, şaquli vəziyyətdə yerə çırpılıb.

Telekanalın məlumatına görə, həlak olanlar arasında paraşütlə ilk dəfə tullanmağa hazırlaşan tibb işçilərinin də ola biləcəyi ehtimal edilir. İv Segi bu məlumatı təsdiqləməsə də, təyyarənin havaya qalxdığı Nansi-Esse aerodromunda həlak olanların yaxınlarının olduğunu bildirib.

Bundan əvvəl yerli hakimiyyət orqanlarına istinadən yayılan məlumata görə, təyyarə qəzası nəticəsində 11 nəfər həyatını itirib. Prokurorluq hadisə ilə bağlı aviaqəza üzrə rəsmi araşdırmaya başlanılmasını tələb edib.

***

16:27

Fransanın şərqində paraşütçüləri daşıyan kiçik təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub.

Reuters xəbər verir ki, hadisə Tomblaine aerodromu yaxınlığında baş verib. İlkin məlumata görə, təyyarədə paraşütlə tullanış üçün havaya qalxan şəxslər olub. Qəza zamanı təyyarə yerə çırpılıb və hadisə yerinə təcili yardım, polis və xilasetmə qüvvələri cəlb edilib.

Qəzadan sonra ərazi təhlükəsizlik məqsədilə bağlanıb. Hadisə yerində araşdırma aparılıb, qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün istintaq başladılıb.

Fransa rəsmiləri qəzanın dəqiq səbəbinin hələlik məlum olmadığını bildiriblər. Mütəxəssislər təyyarənin texniki vəziyyəti, uçuş şəraiti və pilotun hərəkətləri də daxil olmaqla bütün mümkün versiyaları araşdırırlar.

Qəza Fransada aviasiya və paraşüt idmanı ilə bağlı təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.