• 27 °C
|

Hakan Fidan: Aİ ilə münasibətlərin inkişafı üçün problemləri sistemli şəkildə aradan qaldıracağıq

1 İyul 2026
img

Avropa İttifaqı ilə münasibətlərin inkişafı üçün problemləri sistemli şəkildə aradan qaldıracağıq.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Qırğızıstanın xarici işlər naziri Canbek Kulubayev ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

O bildirib ki, Türkiyə hökumətinin bütün qurumları Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsi istiqamətində koordinasiyalı fəaliyyət göstərir.

Nazir qeyd edib ki, Xarici İşlər Nazirliyi Aİ ilə əlaqələrin koordinasiyasına cavabdeh qurum kimi həm tam üzvlük prosesinin, həm də mövcud əməkdaşlıq mexanizmlərinin daha da irəli aparılması üçün işlərini davam etdirir.

Onun sözlərinə görə, Aİ-yə üzv dövlətlərin əksəriyyəti ilə Türkiyənin ikitərəfli siyasi, iqtisadi və ticarət münasibətlərində ciddi problem yoxdur.

“Gözləntimiz odur ki, bu istiqamətdə vahid yanaşma formalaşsın. Açığı, bütün nazirliklərimiz və dövlət qurumlarımız bu istiqamətdə cənab Prezident tərəfindən tapşırıqlandırılıb. Biz də Avropa İttifaqı ilə əlaqələrin koordinasiyasına cavabdeh nazirlik olaraq həm üzvlük prosesini, həm də davam edən münasibətləri yaxşı şəkildə irəli aparmaq üzərində çalışırıq”, – Hakan Fidan qeyd edib.