
Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının himayəsi altında Aİ hüdudlarından kənarda qeyri-qanuni miqrantlar üçün qəbul və geri qaytarılma mərkəzlərinin yaradılmasına qəti şəkildə qarşı olduğunu bildirib.
APA xəbər verir ki, o, bu barədə Aİ sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.
“Fransaya gəldikdə isə, mən üçüncü ölkələrdə geri qaytarılma mərkəzlərinin və ya ‘hab’ların yaradılmasının əleyhinəyəm. Hesab edirəm ki, bu, nəinki səmərəsizdir, həm də prinsiplərimizə ziddir”, – deyə Makron bildirib.
Fransa lideri əlavə edib ki, bu günə qədər belə bir miqrasiya mərkəzinin uğurla fəaliyyətə başladığını görməyib, baxmayaraq ki, bu barədə çoxsaylı çağırışlar səsləndirilib və müxtəlif memorandumlar imzalanıb.
Makron vurğulayıb ki, miqrantların öz ölkələrinə qaytarılması üçün yaradılacaq mərkəzlərin tikintisinə Aİ büdcəsindən vəsait ayrılmasına qarşı çıxacaq.