• 25 °C
|

Məhkəmə İspaniya Baş nazirinin həyat yoldaşının NATO sammitində iştirakına icazə verməyib

6 İyul 2026

Məhkəmə, İspaniyanın Baş naziri Pedro Sançezin həyat yoldaşı Beqona Qomezin onunla Türkiyədəki NATO sammitinə getməsinə qarşı qərar qəbul edib.

APA xəbər verir ki, iyunun 20-də hakim Xuan Karlos Peynado baş nazirin həyat yoldaşına qarşı məhkəmə prosesinin açılmasını, qabaqlayıcı tədbir olaraq, onun pasportunun müsadirə edilməsini və ölkədən çıxışının qadağan edilməsini əmr edib.

Qomez Peynadodan əvvəlcə 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitinə, daha sonra isə qızının məzun olması üçün Londona getməsinə icazə verməsini istəyib.

Baş nazirin həyat yoldaşına Ankaraya səyahət etmək üçün icazəsi verilməyib. Lakin Qomezin Böyük Britaniyaya səfər etməsinə icazə verilib. Böyük Britaniyaya səfərindən sonra o, pasportunu təhvil verməlidir.

Qeyd edək ki, İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq 2024-cü ildə başlayıb. O, əlaqələrdən sui-istifadə, mənimsəmə və biznes korrupsiyasında şübhəli bilinir.