
Niderland hakimiyyətinin ölkə bayrağı altında üzən gəmilərlə İsrailə hərbi yüklərin daşınmasına müdaxilə etmək imkanı yoxdur. Bu, yalnız yükün Niderlanddan ixrac edilmədiyi və ya ölkə ərazisindən tranzit keçmədiyi hallara aiddir.
APA xəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syörd Syördsmənin parlamentə ünvanladığı məktubda bildirilib.
Sənəddə məsələ İsrailin Livan və Qəzza sektorunda apardığı hərbi əməliyyatlar fonunda Niderlandın Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyadan irəli gələn öhdəlikləri kontekstində qiymətləndirilib.
Bildirilib ki, Niderlandın ixraca nəzarət qaydaları yalnız ölkədən hərbi məhsulların ixracına, həmçinin Niderland ərazisində yükün boşaldılıb yenidən yüklənməsi ilə həyata keçirilən tranzitə şamil olunur.
Niderland ərazisindən kənarda ölkə bayrağı altında üzən gəmilərlə daşınan yüklərə isə həmin məhsulun mənşə ölkəsinin ixrac qanunvericiliyi tətbiq edilir.
Bununla yanaşı, Niderland İsrailə hərbi məhsulların ixracına və tranzitinə yalnız onların sırf müdafiə məqsədilə istifadə edilə biləcəyi hallarda icazə verir. Sənəddə buna nümunə kimi “Dəmir Günbəz” hava hücumundan müdafiə sisteminin komponentləri göstərilib.
İsraildə operativ istifadəsi nəzərdə tutulmayan istehsal, texniki xidmət və ya nümayiş məqsədli hərbi məhsullara da müvafiq icazələrin verilə biləcəyi qeyd olunub.