
Rusiyanın iyulun 2-nə keçən gecədən etibarən Kiyevə endirdiyi intensiv hava zərbələri nəticəsində ölənlərin sayı 2-yə, yaralananların sayı isə 16-ya çatıb.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, kütləvi hava hücumları paytaxtın Obolon, Qoloseyev, Şevçenko, Svyatoşin və Podil rayonlarında mülki infrastruktur obyektlərinə və yaşayış binalarına ciddi ziyan vurub.
Tkaçenko dağıntılar altında insanların qala biləcəyini bildirib və ölənlərlə yaralananların sayının arta biləcəyini istisna etməyib.
***
Rusiyanın pilotsuz uçuş aparatları ilə hücumu fonunda Kiyev yaxınlığında hava hücumundan müdafiə (HHM) sistemləri fəaliyyətə başlayıb.
Bu barədə "RBK-Ukrayna" Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkoya istinadən məlumat yayıb.
"Kiyevlilər, hazırda paytaxtın yaxınlığında HHM bölmələri düşmən hədəflərinə qarşı işləyir", – deyə Tkaçenko bildirib.
Onun sözlərinə görə, dronların paytaxt istiqamətində hərəkətini davam etdirməsi ehtimalı var.
O, yaxın günlərdə kombinə edilmiş hücumun da mümkün olduğunu qeyd edib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri sakinləri hava həyəcanı ləğv edilənədək sığınacaqlarda qalmağa çağırıb.