• 12 °C
|

Tbilisidə şəhər bayramında azərbaycanlı icmanın guşəsi təqdim olunub – FOTO

3 Oktyabr 2026
img

Tbilisidə ənənəvi şəhər bayramı olan “Tbilisoba-2026” qeyd edilir.

APA-nın yerli bürosu xəbər verir ki, Tbilisi meriyasının dəstəyi ilə təntənəli şənliklər Gürcüstan paytaxtının beş mərkəzi məkanında keçirilir.

Bayram çərçivəsində qədim hamamlar məhəlləsində Tbilisi Şəhər Şurasının dəstəyi ilə “Tbilisi müxtəlifliyi” adlı sərgi-satış yarmarkası təşkil olunub. Sərgidə digər milli azlıqlarla yanaşı Gürcüstanın azərbaycanlı icmasının guşəsi də təqdim olunub.

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və “Gürcüstanın Fəal Azərbaycanlı Qadınlar Assosiasiyası”nın birgə yaratdığı guşədə milli mədəniyyət və mətbəx nümunələri, Borçalı xalçaları nümayiş etdirilir.

Yarmarka çərçivəsində konsert proqramı da nümayiş etdiriləcək, "Ceyran" ansamblı Azərbaycan rəqsləri ifa edəcək.

İki gün davam edəcək “Tbilisoba” bayramında qonaqları müxtəlif mədəni, əyləncəli və maarifləndirici tədbirlər gözləyir.

Bayrama sabah axşam Tbilisinin fəxri vətəndaşlarının təltifetmə mərasimi ilə yekun vurulacaq.