|

Ukraynada humanitar yardım məntəqəsinə zərbə nəticəsində ölənlərin sayı 40-a çatıb

5 Noyabr 2026

Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsində humanitar yardım paylanan binaya endirilən Rusiya zərbəsi nəticəsində ölənlərin sayı 40-a çatıb.

APA xəbər verir ki, “Associated Press”in məlumatına görə, dağıntılar altında daha 30-a yaxın insanın qala biləcəyi ehtimal edilir.

“The New York Times” yazır ki, hücum Rusiyanın müharibə dövründə Ukraynanın mülki əhalisinə qarşı həyata keçirdiyi ən ölümcül zərbələrdən biri ola bilər.

Məlumata görə, zərbə əvvəllər məktəb kimi fəaliyyət göstərmiş, sonradan humanitar yardım məntəqəsinə çevrilmiş binaya endirilib.

Hər həftənin bazar ertəsi burada əhaliyə ərzaq və dərman preparatları paylanılırdı. Hücum zamanı binada humanitar yardım almaq üçün toplaşmış sakinlər olub.

Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiya qüvvələri əvvəlcə məktəb binasına, daha sonra isə sığınacağa aviasiya bombaları atıblar.

Ərazidə xilasetmə əməliyyatları davam edir. Lakin təkrar zərbə təhlükəsi səbəbilə axtarış-xilasetmə işləri çətin şəraitdə aparılır.

Rusiya Müdafiə Nazirliyi isə həmin ərazidə Ukrayna hərbi bölmələrinin hədəfə alındığını bildirib.