• 15 °C
|

Samir Əliyev: “Azərbaycan Kubokunun finalına yüksələcək komandaları təxmin etmək çətindir”

23 Aprel 2025
img

Azərbaycan Kubokunun finalına yüksələcək komandaları təxmin etmək çox çətindir.

Bunu "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və “Səbail”in sabiq baş məşqçisi Samir Əliyev deyib.

Mütəxəssis yarımfinalın cavab qarşılaşmalarının böyük marağa səbəb olacağını söyləyib:

"Qarabağ" və "Araz-Naxçıvan" kollektivlərinin duelində birincilər favorit sayılsa da, ilk matçda naxçıvanlıların qalib gəldiyini görürük. Bu da o anlama gəlir ki, indidən proqnoz vermək çətindir. Bizi qarşıda maraqlı və gərgin görüş gözləyir. "Qarabağ" cari mövsüm qızıl dubla imza atmaq istəyəcək. Öz adıma deyə bilərəm ki, şansları bərabər dəyərləndirirəm. Lakin bir çox mütəxəssislər və jurnalistlər bu matçda "Qarabağ"ın şanslarını yüksək görür".

S.Əliyev "Sabah" – "Neftçi" görüşünün daha gərgin keçəcəyini proqnozlaşdırır:

"Hər iki tərəf yaxşı anlayır ki, avrokuboklara düşə bilmək üçün son şans ölkə kubokunun qalibi olmaqdır. Bu səbəbdən olduqca maraqlı qarşılaşma izləyəcəyik. Komandalar bu mövsüm sabit oyun sərgiləmədilər. Görək bu "döyüşdən" hansı kollekitv qalib ayrılacaq. Bu cütlükdə də şansları bərabər görürəm".

Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşlərində "Qarabağ" "Araz-Naxçıvan"ı, "Sabah" isə "Neftçi"ni qəbul edəcək. İlk qarşılaşmalarda Naxçıvan təmsilçisi 1:0, "bayquşlar" isə 2:1 hesablı qələbəyə sevinib.