
Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyasının rektoru Kanat Musinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Ədliyyə Nazirliyindən APA-ya verilən xəbər görə, səfər proqramına uyğun olaraq nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanını və Zəfər abidəsini ziyarət edib.
Səfər çərçivəsində Qazaxıstan nümayəndə heyətinin Azərbaycan ədliyyə sistemi ilə yaxından tanışlığı məqsədilə bir sıra görüş və tanışlıq tədbirləri təşkil olunub. Nümayəndə heyəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında hakimliyə namizədlər üçün keçirilən kursun gedişi ilə tanış olub, Akademiyada görüş keçirib.
Ədliyyə Nazirliyində nazir müavini Toğrul Hüseynovla baş tutan görüşdə ölkələr arasında hüquqi sahədə əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib, müxtəlif istiqamətlərdə, o cümlədən ədliyyə akademiyaları arasında tədris sahəsində birgə tədbirlərin və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığın uğurla inkişaf etdiyi Türk Ədliyyə Təlim Şəbəkəsinin, habelə digər ixtisaslaşmış platformaların təcrübə mübadiləsi üçün mühüm imkanlar yaratdığından bəhs olunub.
Görüşün sonunda hüquqi təhsil, elmi-tədqiqat fəaliyyəti və ədliyyə sisteminin rəqəmsallaşdırılması istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Qonaqlar Ədliyyə tarixi muzeyi ilə də tanış olublar. Bununla yanaşı, onların Azərbaycan Respublikasının Ali Məhkəməsində görüşü, Bakı şəhəri Yasamal rayon məhkəməsinə səfəri də planlaşdırılıb.