
Azərbaycan vətəndaşı rusiyalı qadınla evli olmasına baxmayaraq Rusiyadan deportasiya olunur.
APA-nın Moskva bürosu yerli diaspora istinadən xəbər verir ki, Ryazanda polis bir neçə inzibati deportasiya qərarı əsasında Azərbaycan vətəndaşının Rusiyaya girişini 10 il müddətinə qadağan edib. Azərbaycan vətəndaşı qərardan yerli məhkəmədə şikayət etsə də prosesi uduzub.
Müdafiə tərəfi deportasiya qərarının qanunsuz elan edilməsini istəyib, rusiyalı qadınla nikahda olduğunu, ailəsini dolandırmağa kömək etdiyini və azyaşlı uşaqlarını böyütməklə məşğul olduğunu əsas gətirib.
Vəkillər bildirib ki, kişi arvadının uşaqlarını övladlığa götürməyi planlaşdırır və ölkəyə giriş qadağası buna mane olur və onun ailə həyatı hüququnu pozur.
Məhkəmədə polis nümayəndəsi bildirib ki, təkcə Rusiya vətəndaşı ilə evlilik ölkə ilə güclü əlaqəni təsdiqləmir. O əlavə edib ki, kişi uzun müddətdir statusunu qanuniləşdirmək üçün heç bir addım atmayıb, müvəqqəti iş üçün Rusiyaya gəlib, burada əmlakı olmayıb və vergi ödəməyib.
Nəticədə məhkəmə giriş qadağasını qüvvədə saxlayıb və ailə vəziyyəti ilə bağlı arqumentləri yetərsiz hesab edib. Məhkəmənin qiymətləndirməsinə görə, həyat yoldaşının uşaqlarını övladlığa götürmək niyyəti giriş qadağasını kişinin şəxsi və ailə həyatına həddindən artıq müdaxilə kimi müstəsna hal kimi dəstəkləmir.