• 19 °C
|

IFC: Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsi üçün yeni imkanlar yarana bilər

28 Oktyabr 2026
img

Azərbaycanda kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsində məhsul şəhadətnamələri kimi yeni maliyyə alətlərindən istifadə imkanları genişlənə bilər.

“APA-Economics” xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan üzrə ölkə nümayəndəsi Aliya Əzimova XII Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, IFC Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ilə kənd təsərrüfatı kreditlərinin qiymətləndirilməsi sahəsində əvvəlki əməkdaşlığına əsaslanaraq, məhsul şəhadətnamələri kimi maliyyə alətlərində böyük potensial görür.

A. Əzimova qeyd edib ki, bu alətlər kənd təsərrüfatı istehsalçılarının maliyyələşdirilməsi üçün yeni imkanlar yaratmaqla yanaşı, fermerlər, alıcılar və maliyyə institutları arasında əlaqələri gücləndirə bilər.

O, hazırda Milli Məclisdə nəzərdən keçirilən qanun layihəsinin belə alətlərin inkişafına və sektor üçün yeni maliyyələşmə imkanlarının açılmasına zəmin yaradacağına ümid etdiyini bildirib.

IFC nümayəndəsi mikromaliyyə sektorunun inkişafında investisiyaların cəlb edilməsinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, yerli və beynəlxalq investorların sektorda iştirakının genişləndirilməsi, kapital qoyuluşları, borc maliyyələşməsi, zəmanətlər və risklərin bölüşdürülməsi mexanizmləri maliyyələşmə mənbələrinin şaxələndirilməsinə imkan verə bilər.

A. Əzimova əlavə edib ki, mikromaliyyə institutlarının kapital bazarları ilə əlaqələrinin gücləndirilməsi daha geniş investor dairəsinin cəlb olunmasına şərait yarada bilər.

O, həmçinin rəqəmsal kredit skorinqi, fintex şirkətləri ilə tərəfdaşlıq və maliyyə xidmətlərinin elektron ticarət platformalarına inteqrasiyasının sektor üçün yeni inkişaf imkanları yaratdığını bildirib.