
Azərbaycanda maliyyə sahəsi üzrə qanunvericiliyin beynəlxalq standartlara uyğunluğu 90–95% səviyyəsində qiymətləndirilib.
“APA-Economics” xəbər verir ki, bunu Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə XII Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkədə maliyyə sahəsinin inkişafı, eləcə də daxili və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub.
“Əldə edilən bu uğurlar nəticəsində respublikamız beynəlxalq qiymətləndirmə çərçivəsində 91% nəticə göstərib, qanunvericiliyin beynəlxalq standartlara uyğunluğu isə 90–95% səviyyəsində qiymətləndirilib”, – deyə Z. Fətizadə qeyd edib.
O bildirib ki, əldə olunan nəticələrə baxmayaraq, qarşıda duran əsas vəzifələrdən biri mövcud mexanizmlərin tətbiqinin effektivliyini daha da artırmaqdır.
Z. Fətizadə maliyyə inklüzivliyi ilə maliyyə təhlükəsizliyi arasında balansın qorunmasının vacibliyini də vurğulayıb.
Onun sözlərinə görə, maliyyə xidmətlərinin əlçatanlığının artırılması ilə yanaşı, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tələbləri də nəzərə alınmalıdır.
Xidmət rəhbəri əlavə edib ki, bunun üçün sektorun təhlükəsizlik riskləri düzgün müəyyənləşdirilməli, maliyyə inklüzivliyi sahəsində mövcud boşluqlar aradan qaldırılmalı və maliyyə institutları arasında əməkdaşlıq gücləndirilməlidir.