
“Şərqi Azəri” platformasından indiyədək 645 milyon bareldən (87 milyon ton) çox neft hasil edilib.
"APA-Economics” xəbər verir ki, bu barədə “bp-Azerbaijan” məlumat yayıb.
Bildirilib ki, sabah, oktyabrın 21-də “Şərqi Azəri” platformasından ilk neft hasilatının 20 ili tamam olur. Platformadan ilk neft 2006-cı il oktyabrın 21-də əldə edilib və bununla da nəhəng “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının tammiqyaslı işlənməsinin ikinci fazası tamamlanıb.
Qeyd olunub ki, “Şərqi Azəri” platforması 1997-ci ilin noyabrında hasilata başlamış AÇG yatağından indiyədək əldə edilən 4,7 milyard barel ümumi neft hasilatına əhəmiyyətli töhfə verib.
2026-cı ilin üçüncü rübünün sonuna platformanın gündəlik orta hasilatı təxminən 46 min barel təşkil edib.
“Şərqi Azəri” platforması hasilat, qazma və yaşayış platformasından, 48 quyu gövdəsindən, qurudakı “Səngəçal” terminalına birləşən 30 düymlük sualtı boru kəmərindən, eləcə də bir sıra yataqarası boru xətləri və sistemlərindən ibarətdir.
Hazırda platformada təxminən 170 nəfər çalışır. Onların əksəriyyəti, o cümlədən platformanın hər iki meneceri azərbaycanlı mütəxəssislərdir.
Məlumata görə, platformadan indiyədək ümumilikdə 39 quyu və çoxsaylı yan lülələr qazılıb. Hazırda istismarda olan 36 quyunun 27-si hasilat, 8-i suvurma, biri isə şlamların yenidən laylara vurulması üçün istifadə olunur.
Bildirilib ki, “Şərqi Azəri” yetkin işlənmə mərhələsində olan AÇG yatağında neftvermənin maksimuma çatdırılması üçün innovasiya və texnologiyalardan istifadəni davam etdirir. Bu yaxınlarda platformadan təhvil verilmiş D18Z quyusunda 2 000 metrdən çox açıq lülə hissəsi qazılıb. Bunun 1 500 metrdən çoxu hədəf məhsuldar layın daxilində qum hissəsindən keçib. D18Z quyusu AÇG yatağında indiyədək qazılmış quyular arasında ən geniş lay təmasına malikdir.
Qeyd edək ki, “Şərqi Azəri” platformasından ilk neft əvvəlcədən qazılmış səkkiz quyudan birincisi vasitəsilə hasil edilib və yeni sualtı boru kəməri ilə 2006-cı il noyabrın 10-da “Səngəçal” terminalına çatdırılıb.