
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan ölkəmizə gətirilmiş daha 30 uşaq reabilitasiya xidmətləri ilə əhatə olunublar.
Nazirlikdən APA-ya verilən məlumata görə, ilk mərhələdə onlar Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində müayinədən keçirilib və hər biri üçün fərdi reabilitasiya proqramı tərtib edilib.
Qeyd olunub ki, bu proqram əsasında onlar üçün emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarına dəstək məqsədilə fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiya məşğələləri keçirilir. Həmçinin uşaqlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. reabilitasiya xidmətləri göstərilir.
Bildirilib ki, 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar üçün asudə vaxtlarının maraqlı keçməsi üçün tarixi yerlərə, muzeylərə ekskursiyalar, stolüstü oyunlar, yarışlar və s. tədbirlərin təşkili də nəzərdə tutulur.