• 21 °C
|

FHN-in Bakı Regional Mərkəzi zona birinciliyi keçirib- VİDEO

3 İyun 2026
img

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, Nazirliyin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan yarışda Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri iştirak ediblər.

Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Nizami rayonu Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-lisey I yerə, Yasamal rayonu Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbi II yerə, Xətai rayonu İlqar Mirzəyev adına 98 nömrəli tam orta ümumtəhsil məktəbi isə III yerə layiq görülüb.

Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.