
Bu gün Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı, Bakı Metropoliteni və “Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq müəssisəsinin dəstəyi ilə əhali arasında yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
APA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev məlumat verib.
O bildirib ki, tədbirin məqsədi vətəndaşların yanğın təhlükəsizliyi qaydaları və yanğın zamanı davranış qaydaları barədə bilik və bacarıqlarını artırmaq olub.
Cəmil Xudiyevin sözlərinə görə, interaktiv sorğunun nəticələri bəzi vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı bilik və vərdişlərinin yetərli olmadığını göstərib.
O qeyd edib ki, bu cür maarifləndirmə tədbirləri insanların təhlükəni vaxtında müəyyənləşdirməsinə, hadisələrin qarşısının alınmasına və zəruri hallarda aidiyyəti qurumlara vaxtında məlumat verilməsinə kömək edəcək.