
“Bu gün “Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçimi uğurla başa çatmışdır”.
APA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyi birgə məlumatında deyilir.
Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, vətəndaşlara elektron məkanda göstərilən xidmətlərin əlçatanlığı, şəffaflığı və təhlükəsizliyi istiqamətində növbəti yüksək nəticə əldə olunmuşdur.
04.09.2026-cı il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 535 mənzilin “Güzəştli mənzil” sistemi vasitəsilə satışı uğurla həyata keçirilmişdir.
Satış prosesinin tam təhlükəsiz, fasiləsiz və bərabər şəraitdə həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mütəxəssislərinin sıx, vahid və əlaqəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Aidiyyəti dövlət qurumlarının koordinasiyalı əməkdaşlığı və hər bir qurumun öz istiqaməti üzrə göstərdiyi yüksək peşəkarlıq bu uğurun əsas təminatçısıdır.
Bugünkü satış bir daha sübut etdi ki, Azərbaycan elektron məkanda vətəndaşlara yönəlmiş keyfiyyətli, etibarlı və innovativ xidmətlərin təqdim olunması sahəsində qabaqcıl ölkələrdən biridir.
Mənzil İnşaatı Dövlət Agentliyi gələcəkdə də satış prosesinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi istiqamətində yeniliklər tətbiq edəcəkdir.
Ölkəmizdə rəqəmsal xidmətlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması bundan sonra da davam etdiriləcəkdir.