• 22 °C
|

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar

26 May 2026
img

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində dekorativ-tətbiqi sənət ustası Samir Həbibovun yaradıcılıq fəaliyyəti ilə tanış olublar.

APA xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva sənətkarın evində yerləşən emalatxanasında olub, onun hazırladığı dekorativ əl işlərinə baxış keçiriblər.

Görüş zamanı Samir Həbibov bədii oyma sənətinin incəlikləri, istifadə etdiyi materiallar və hazırladığı dekorativ nümunələr barədə məlumat verib. Leyla Əliyeva və Arzu Əliyeva oyma prosesi ilə tanış olub, sənətkarla birlikdə əl işləri hazırlayıblar.

Qeyd edək ki, Samir Həbibov bu qədim sənətin incəliklərini hələ uşaq yaşlarından atasından öyrənib. O, əsasən müxtəlif növ ağac materiallarından milli ornamentlərlə bəzədilmiş suvenirlər, dekorativ əşyalar və məişət üçün nəzərdə tutulan əl işləri hazırlayır.

Sənətkarın hazırladığı suvenirlər Ailə Biznesinə Asan Dəstək Mərkəzinin (ABAD) satış şəbəkəsi vasitəsilə istehlakçılara təqdim olunur.