• 23 °C
|

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

4 İyun 2026

Tovuz rayonunun Cəlilli kəndində içməli su layihəsinin açılış mərasimi təşkil olunub.

APA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Kənddə təşkil olunan tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Tovuz rayonu Cəlilli kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə edilməklə yeni su xətləri inşa olunub və kəndin müxtəlif nöqtələrində layihəyə uyğun olaraq ictimai bulaqlar quraşdırılıb. Bu məqsədlə ümumilikdə 8 km uzunluğunda su xətləri inşa edilib və 27 ədəd ictimai bulaq quraşdırılıb.

Ümumilikdə Cəlilli kəndinin əhalisi 2275 nəfərdir. Yeni yaradılmış su təchizatı şəbəkəsi vasitəsilə yaşayış məntəqəsinin gündəlik 180 m³ su tələbatının tam ödənilməsi mümkün olacaq.