• 21 °C
|

BMqT baş direktorunun müavini: Azərbaycan urbanizasiya və köç məsələlərinin idarə olunmasında liderlik nümayiş etdirir

21 May 2026
img

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktorunun müavini Uqoçi Danielsin APA-ya müsahibəsi

– Bakıda keçirilən WUF13-də Beynəlxalq Miqrasiya Təşkilatı miqrasiya, şəhər dayanıqlılığı və icma mərkəzli inkişafla bağlı hansı əsas mesajları çatdırmağı hədəfləyir?

– BMqT-nin Bakıda keçirilən WUF 13-ün bir hissəsi olması böyük şərəfdir. Bu, olduqca vacibdir, çünki son məlumatlara görə, keçən il münaqişə və ya iqlim təsirlərinin nəticəsi olaraq 82 milyondan çox insan ölkə daxilində məcburi köçkün vəziyyətinə düşüb. Buna görə də təşkilat olaraq bizim üç əsas mesajımız var.

Birincisi, köçkünlük getdikcə daha çox şəhər xarakteri alır. İnsanlar şəhərlərə köçürlər və bu, əlbəttə ki, şəhərlərə təzyiq yaradır. Əgər biz bunu həll etmək istəyiriksə, WUF-də iştirak edən bütün tərəfdaşların anlaması vacibdir ki, miqrasiyaya ayrıca və ya müvəqqəti bir məsələ kimi baxmaq olmaz. O, şəhər siyasətinin və şəhər planlaşdırmasının bir hissəsi olmalıdır. Eyni zamanda, miqrantlar təkcə həssas qruplar və ya şəhərlərə köçən məcburi köçkünlər deyil. Onlar həm də şəhər həyatına töhfə verə bilərlər və verəcəklər. Onlar bərpa prosesinin, sosial-iqtisadi rifahın bir hissəsidirlər; onlar yenilikçilərdir, sahibkarlardır, işçilərdir. Miqrasiya şəhərlərin necə böyüməsinə və inkişafına təsir edir. Son mesaj isə budur ki, iki yol var. Ya biz sürətli urbanizasiya ilə gedib miqrantların və məcburi köçkünlərin qeyri-rəsmi məskunlaşma yerlərində yaşamasına və daha həssas vəziyyətə düşməsinə şərait yaradırıq, ya da miqrasiyanın və urbanizasiyanın düzgün idarə olunması ilə dayanıqlı inkişafa nail oluruq. BMqT olaraq biz ikinci variantı dəstəkləyirik və bunun dünyada necə işlədiyinə dair çoxsaylı nümunələrimiz var.

– WUF13 necə təşkil olunub?

– Çox yaxşı təşkil olunub. Bu, mənim Azərbaycana üçüncü səfərimdir. Burada COP zamanı da olmuşam və WUF əlbəttə COP-dan daha kiçikdir. Azərbaycan hökuməti və xalqı bu cür qlobal konfransların idarə olunmasında böyük təcrübəyə malikdir. Logistika baxımından çox yaxşı təşkil olunub. Amma təkcə bu deyil — Azərbaycan hökuməti həm siyasətində, həm bərpa işlərində, həm də ölkə daxilində baş verən urbanizasiya və köç məsələlərinin idarə olunmasında liderlik nümayiş etdirir.

– Beynəlxalq Miqrasiya İcmal Forumunun (IMRF) son nəticələri və əsas qənaətləri hansılardır və bu nəticələr Qlobal Miqrasiya üzrə Təhlükəsiz, Nizamlı və Müntəzəm Miqrasiya Razılaşmasının (GCM) icrasının gücləndirilməsinə, xüsusilə BMqT ilə “çempion ölkə” kimi Azərbaycanın əməkdaşlığı kontekstində necə töhfə verib?

– Biz IMRF-nin nəticələrindən çox məmnunuq. Forum may ayının ilk həftəsində Nyu-Yorkda keçirildi. O, hər dörd ildən bir üzv dövlətlərin toplanaraq Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Paktının icrasını qiymətləndirdiyi bir platformadır. Bildiyiniz kimi, miqrasiya bir çox ölkələrdə çox həssas mövzudur. Buna baxmayaraq, Nyu-Yorkda ölkələrin konstruktiv şəkildə əməkdaşlıq etməsi və razılaşma əldə etməsi çox ürəkaçan idi. Nəticədə “irəliləyiş bəyanatı” üzrə konsensus əldə olundu. Bu sənəd çoxtərəfli sistemin və qlobal əməkdaşlığın rolunu bir daha təsdiqləyir. Bundan əlavə, dünən BMT Baş Assambleyasında həmin bəyanat səsverməyə çıxarıldı və böyük səs çoxluğu ilə qəbul olundu. Bu o deməkdir ki, ölkələr artıq Qlobal Razılaşmanı miqrasiya üzrə əməkdaşlığın əsas çərçivəsi kimi yenidən təsdiqləyiblər. Azərbaycan hökuməti isə təkcə GCM “çempion ölkəsi” deyil, həm də bu ölkələr arasında liderlik edərək miqrasiya üzrə çoxtərəfli dialoqun təşkilində fəal rol oynayır. Bu, Azərbaycanın təkcə milli deyil, qlobal rifah üçün də bu məsələnin vacibliyini qəbul etdiyini göstərir.

– Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərdə böyükmiqyaslı bərpa layihələri həyata keçirir və BMqT də digər layihələrlə yanaşı bu prosesdə iştirak edir. Xüsusilə Qarabağ bölgəsindəki layihələr barədə nə düşünürsünüz?

– Təşkilat olaraq biz Azərbaycan hökumətinin uzunmüddətli tərəfdaşıyıq. Qarabağ bölgəsində aparılan bərpa işləri ilə bağlı geniş əməkdaşlığımız olub.

Əslində, indiyədək digər yaşayış məntəqləərində də BMqT-nin əvvəlki kəhrizlərin bərpası fəaliyyətləri olub. Yaşayış məntəqələri üçün ən vacib məsələlərdən biri də su təminatıdır. Biz hökumətin “daha yaxşı bərpa et” (build back better) yanaşmasını dəstəkləyirik. Yəni şəhərlər “ağıllı” şəkildə qurulur və gələcəkdə orada yaşayacaq keçmiş məcburi köçkünlərin ehtiyacları nəzərə alınır. BMqT olaraq biz bu əməkdaşlıqdan çox qürur duyuruq.

Foto – İlkin Nəbiyev ©️ APA GROUP