• 21 °C
|

BMT-nin ofis direktoru: Azərbaycanın Qlobal Cənubla əməkdaşlığa töhfəsini xüsusi qeyd etmək istərdim

19 May 2026
img

Azərbaycanın Qlobal Cənubla əməkdaşlığa töhfəsini xüsusi qeyd etmək istərdim.

APA xəbər verir ki, bunu “WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıqlar və Qərarvermə” tədbirində BMT-nin Cənub-Cənub əməkdaşlığı üzrə ofisinin direktoru Dima Al-Xatib deyib.

“Azərbaycanın bir çox qlobal təşəbbüslərin və şəbəkələrin inkişafına, həmçinin Qlobal Cənub və onun hüdudlarından kənarda əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfəni xüsusi qeyd etmək istərdim. Bu gün şəhərlər qlobal dayanıqlı inkişaf gündəliyinin mərkəzində dayanır. Dayanıqlı İnkişaf Məqsədlərinin əksəriyyətinin taleyi məhz şəhərlərdə həll olunacaq. Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bəşəriyyətin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. Gələcək urbanizasiya artımının təxminən 90 faizinin baş verəcəyi Qlobal Cənub ölkələrində şəhərlər iqlim dəyişikliyi, su təhlükəsizliyi, bərabərsizlik, miqrasiya, mənzil çatışmazlığı və infrastruktur boşluqları ilə bağlı artan təzyiqlərlə üzləşir. Bununla yanaşı, şəhərlər innovasiya, dayanıqlılıq və transformasiya məkanlarıdır. Urbanizasiya sürətləndikcə inklüziv şəhərsalma və iştirakçı idarəetmənin əhəmiyyəti daha da artır. Bu isə yerli idarəetməni, ictimai iştirakçılığı və çoxtərəfli tərəfdaşlıqları əvvəlkindən daha vacib edir. Bu kontekstdə qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti qurumları qlobal gündəliklə yerli reallıqlar arasında körpü rolunu oynayır. Qlobal Cənubun əksər ölkələrində QHT-lər eyni zamanda innovator, xidmət təminatçısı və həssas icmaların dəstəklənməsində etibarlı tərəfdaş rolunu oynayır. Onlar iqlimə uyğunlaşma tədbirləri, fəlakətlərə hazırlıq, gənclərin iştirakı, rəqəmsal inklüzivlik və əsas xidmətlərə çıxış kimi urban transformasiya proseslərinin ön xəttində fəaliyyət göstərirlər. İcmalara yaxın olmaları onlara operativ hərəkət etməyə, yaranan ehtiyacları erkən müəyyənləşdirməyə, praktik həlləri sınaqdan keçirməyə və hökumətlərə daha çevik və inklüziv şəhər siyasətlərinin hazırlanmasında kömək etməyə imkan verir. BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisində – UNOSSC-də biz qəti şəkildə inanırıq ki, dayanıqlı inkişaf həlləri yerli sahiblik əsasında qurulduqda, tələbat yönümlü olduqda və ortaq təcrübələrə söykəndikdə daha güclü olur. Qlobal Cənub ölkələrinə, şəhərlərinə, institutlarına və icmalarına ortaq inkişaf reallıqları əsasında praktik bilik, genişləndirilə bilən innovasiyalar və siyasət həlləri mübadiləsi aparmaq imkanı yaradır. Cənub platformasında fəaliyyət göstərən QHT-lər bu istiqamətdə mühüm rol oynaya bilər. Artıq Qlobal Cənub ölkələrinin şəhərləri əlçatan mənzil, dayanıqlı nəqliyyat sistemləri, tullantıların idarə olunması, bərpa olunan enerji və digər prioritet sahələr üzrə bir-birindən öyrənirlər. Şəhər gündəliyi bizim BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisindəki fəaliyyətimizin də mərkəzində dayanır”, – o, qeyd edib.