• 20 °C
|

Erfan Ali: 2050-ci ilə qədər dünya əhalisinin 70%-i şəhərlərdə məskunlaşacaq

19 May 2026
img

Bu gün dünyada əhalinin 56%-dən çoxu şəhərlərdə yaşayır. 2050-ci ilə qədər isə bu göstəricinin 70%-i keçəcəyi gözlənilir.

APA xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Səviyyəli Şəhər Dialoqunda UN-Habitat-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin direktoru Erfan Ali deyib.

O qeyd edib ki, UN-Habitatın 2026–2029-cu illəri əhatə edən Strateji Planı mənzil, torpaq, əsas şəhər xidmətlərini fəaliyyətimizin mərkəzinə yerləşdirir:

“Bu plan iqlim fəaliyyəti, rifah və yoxsulluğun azaldılması, böhranların qarşısının alınması, cavab tədbirləri və bərpa proseslərini əsas təsir istiqamətləri kimi müəyyən edir. Plan həmçinin aşağıdakı sahələri prioritet hesab edir: inteqrə olunmuş urban və ərazi planlaşdırılması, iştirakçı çoxtəbəqəli idarəetmə, məlumat və bilik bazası, tərəfdaşlıqlar, resursların səfərbərliyi. Bu prioritetlər Türk Dövlətləri Təşkilatı regionunun şəhərləri və yaşayış məntəqələri üçün son dərəcə aktualdır. Urbanizasiya iqtisadi rəqabət qabiliyyətini, regional inteqrasiyanı, sosial birliyi formalaşdırır. Lakin eyni zamanda mənzil çatışmazlığı, iqlim həssaslığı, infrastruktur təzyiqləri, mədəni irsin qorunması problemlərini də artırır”.

O bildirib ki, UN-Habitatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional yol xəritəsi bu prioritetləri praktik fəaliyyət istiqamətlərinə çevirir:

“Bu istiqamətlərə güclü şəhər idarəçiliyi,myerli institutların gücləndirilməsi, əlçatan mənzil, əsas xidmətlər, sosial inklüzivlik, iqlim dayanıqlılığı, davamlı şəhər infrastrukturu, böhrandan sonrakı bərpa daxildir”.