• 26 °C
|

Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olub – FOTO

13 May 2026
img

Media nümayəndələri Bakı Olimpiya Stadionunda XIII Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində görülən işlərlə tanış olublar.

APA xəbər verir ki, media-turda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, media rəhbərləri, jurnalistlər və bloqerlər iştirak ediblər.

Media nümayəndələri əvvəlcə akkreditasiya prosesində iştirak ediblər.

Bildirilib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində açılış və bağlanış mərasimlərinin keçiriləcəyi tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək.

Qeyd olunub ki, tədbir məkanı olan Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb.

İcraçı direktor bildirib ki, WUF13 məkanı şəhərcik formatında təşkil edilib: “Media mərkəzindən istənilən digər məntəqəyə keçid mümkün olacaq. Bakı Olimpiya Stadionunun hər yerində məlumatlandırıcı lövhələr quraşdırılıb”.

Tədbirin fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək üçün əsas və ehtiyat məlumat mərkəzləri, genişmiqyaslı fiber-optik və daxili şəbəkə infrastrukturu, simsiz şəbəkə avadanlıqları və fasiləsiz fəaliyyət göstərəcək əməliyyat mərkəzi yaradılıb. Həmçinin iki hektar sahəni əhatə edən zonada “Media mərkəzi” ilə yanaşı, “Dəyirmi masa”, “Xüsusi sessiya” və “Dialoq zalları” yerləşir.

“Media mərkəzi”ndə iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media nümayəndələri üçün istirahət sahəsi mövcuddur.

Media nümayəndələrinə bildirilib ki, forum günlərində milli geyimdə olan şəxslər ərazidə olacaq.

Daha sonra media nümayəndələri Media Hub və forumun açılış və bağlanış mərasimlərinin keçiriləcəyi zal ilə də tanış olublar.

Qeyd olunub ki, WUF13 çərçivəsində təşkil olunacaq pavilyonlarda 41 ölkə iştirak edəcək. Azərbaycan pavilyonunun sahəsi isə 1500 kvadratmetr təşkil edir.

Mediaturun sonunda Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov jurnalistlərin suallarını cavablandırıb.