
Dünya məlumatlar, insanlar və bizneslər vasitəsilə getdikcə daha çox bir-biri ilə əlaqələnir.
APA xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 cərcivəsində təşkil olunan “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” xüsusi sessiya zamanı bildirib.
Onun sözlərinə görə, bütün regionlar yeni transformativ texnologiyalar, alternativ şəbəkələr və infrastruktur vasitəsilə yenidən formalaşır.
"Buna baxmayaraq, təxminən 2,8 milyard insan təhlükəsiz və adekvat mənzilə çıxışdan məhrumdur. Daha milyonlarla insan münaqişə və aclıq səbəbindən didərgin düşüb. Hazırda dünya heç vaxt olmadığı qədər əlaqəlidir. Amma eyni zamanda, çox vaxt lazım olduğundan daha qeyri-bərabərdir", – Anaklaudia Rossbax qeyd edib
O əlavə edib ki, inklüzivlik, daha geniş sosial-iqtisadi ehtiyaclar və daha əhatəli sosial-iqtisadi baxış olmadan əlaqəlilik — qeyri-bərabərlik yaradan zəif maliyyələşdirilmiş infrastrukturlara çevrilir.
"Multimodal dəhlizlər malların və insanların daha səmərəli daşınmasını təmin edir. Onlar bütöv regionların iqtisadi coğrafiyasını yenidən formalaşdırır", – Anaklaudia Rossbax vurğulayıb