• 13 °C
|

Azərbaycan-Ukrayna əlaqələri: Humanitar əməkdaşlıq, iqtisadi münasibətlər, qarşılıqlı maraqlar

25 Aprel 2026
img

Azərbaycanla Ukrayna arasında münasibətlər son illərdə yeni mərhələyə qədəm qoyaraq daha çox humanitar müstəvidə inkişaf etdirilir. Bu yanaşma təsadüfi deyil və Azərbaycanın dövlət siyasətindən irəli gəlir. Azərbaycan tarixən münaqişələrdən zərər çəkmiş ölkə kimi bu cür vəziyyətlərdə olan xalqlara dəstək göstərməyi özünün mənəvi borcu hesab edir.

Milli Məclisin deputatı Vüqar İskəndərov APA-ya açıqlamasında deyib ki, Azərbaycan uzun illər ərazi bütövlüyünün pozulması ilə üzləşmiş bir ölkə kimi müharibənin doğurduğu humanitar fəsadları dərindən anlayır. Məhz bu səbəbdən rəsmi Bakı müxtəlif regionlarda, o cümlədən Ukraynada yaşayan insanlara humanitar yardımlar göstərir. Bu yardım yalnız maddi dəstək deyil, həm də sosial və psixoloji dəstəyi əhatə edir.

Humanitar istiqamət əməkdaşlığın əsas xəttidir

Vüqar İskəndərov qeyd edib ki, humanitar əməkdaşlığın ən mühüm istiqamətlərindən biri müharibədən zərər çəkmiş uşaqların reabilitasiyasıdır. Onun sözlərinə görə, müharibənin ən ağır psixoloji zərbəsini məhz uşaqlar alır və bu, onların gələcək həyatına ciddi təsir göstərir: “Artıq bir neçə ildir, Ukraynadan olan uşaqlar üçün Azərbaycanda reabilitasiya proqramları həyata keçirilir. Bu proqramlar çərçivəsində uşaqlar həm tibbi, həm də psixoloji dəstək alır, eyni zamanda sosial mühitə adaptasiya imkanları əldə edirlər. Yaxın perspektivdə ukraynalı tələbələr üçün də analoji proqramların həyata keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüslər iki ölkə arasında humanitar körpülərin daha da möhkəmlənməsinə xidmət edir”.

Enerji və humanitar dəstək paralel şəkildə davam edir

Deputatın sözlərinə görə, Ukraynada enerji infrastrukturunun zədələnməsi nəticəsində yaranmış vəziyyət mülki əhali üçün ciddi çətinliklər yaradıb. Xəstəxanalar, sosial obyektlər və yaşayış məntəqələri elektrik enerjisi çatışmazlığından əziyyət çəkir: “Bu kontekstdə Azərbaycan Ukraynaya elektrik generatorları göndərməklə humanitar dəstəyini davam etdirir. Bu addım insanların gündəlik həyatının təmin olunmasına və xüsusilə həssas qrupların qorunmasına xidmət edir. Bu cür praktiki yardımlar Azərbaycanın dost və tərəfdaş ölkələrə münasibətdə sərgilədiyi səmimi yanaşmanın göstəricisidir”.

Diaspor amili

Azərbaycan-Ukrayna münasibətlərində insanlararası əlaqələrin xüsusi yer tutduğunu deyən Vüqar İskəndərov qeyd edib ki, Ukraynada böyük Azərbaycan diasporu fəaliyyət göstərir. Bu diaspor iki xalq arasında mədəni, sosial və iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır: “Diaspor təşkilatları müxtəlif layihələr, tədbirlər və təşəbbüslər vasitəsilə iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir. Bu isə dövlətlərarası münasibətlərin daha dayanıqlı və uzunmüddətli olmasına şərait yaradır”.

Mina təmizlənməsi və bərpa sahəsində təcrübə paylaşımı

Azərbaycan mina təmizlənməsi sahəsində zəngin təcrübəyə malik ölkələrdən biridir. Deputat bildirib ki, uzun illər işğal altında qalmış ərazilərin azad edilməsindən sonra bu sahədə böyük işlər görülüb və mühüm texnoloji imkanlar formalaşdırılıb: “Gələcəkdə Azərbaycan Ukraynaya mina təmizlənməsi üçün avadanlıq və ekspert dəstəyi göstərməklə bu sahədə də əməkdaşlığı genişləndirə bilər. Eyni zamanda Azərbaycan bərpa və quruculuq istiqamətində də unikal təcrübəyə malikdir və bu biliklərin Ukrayna ilə paylaşılması mümkündür”.

Siyasi münasibətlər: balanslı və prinsipial yanaşma

Azərbaycan müstəqil dövlət olaraq xarici siyasətini milli maraqlar əsasında formalaşdırır. Vüqar İskəndərovun sözlərinə görə, ölkənin ikitərəfli və çoxtərəfli əlaqələri heç vaxt üçüncü tərəflərə qarşı yönəlmir: “Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinin tərəfdarıdır və bu prinsip beynəlxalq hüququn əsasını təşkil edir. Bu prinsiplərə riayət olunmadığı halda dünyada sabitlik və təhlükəsizlik mümkün deyil. Azərbaycan isə bu məsələnin əhəmiyyətini öz tarixi təcrübəsindən yaxşı bilir”.

Münaqişəyə münasibətdə neytral mövqe

Deputat vurğulayıb ki, Azərbaycan Ukrayna ilə Rusiya arasında baş verən münaqişədə hər hansı formada iştirak etmir, bu müharibədən tamamilə uzaqdır. Onun sözlərinə görə, rəsmi Bakı bu münaqişənin yalnız dialoq və qarşılıqlı anlaşma yolu ilə həllini dəstəkləyir.

Vüqar İskəndərov əlavə edib ki, Azərbaycan regionun diplomatik mərkəzlərindən biri kimi gələcəkdə sülh danışıqları üçün platforma rolunu oynaya bilər. O hesab edir ki, Azərbaycanın balanslı və obyektiv mövqeyi bu istiqamətdə etibarlı vasitəçi kimi çıxış etməsinə imkan verir.

Yeri gəlmişkən, xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Qəbələdə Azərbaycan Prezident İlham Əliyevlə mətbuata bəyanatında Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib. O bildirib ki, Rusiya tərəfi də razı olarsa, belə bir görüşün Azərbaycanda keçirilməsi mümkündür.

Zelenskinin bu bəyanatı Azərbaycanın balanslı, obyektiv və neytral mövqeyə malik olmasının növbəti təsdiqidir.

Balanslı xarici siyasət nümunəsi

Ümumiyyətlə, Azərbaycan müxtəlif dövlətlər arasında münasibətlərdə balanslı yanaşmaya üstünlük verir. Rəsmi Bakının yürütdüyü siyasət qarşılıqlı hörmətə əsaslanır. Deputat bu mənada Rusiya ilə Gürcüstan arasında münasibətlərin gərgin olduğu dövrlərdə Azərbaycanın tutduğu balanslı mövqeni xatırladıb. Qeyd edib ki, Rusiya ilə Gürcüstan arasında münasibətlərin ən gərgin dövründə belə Azərbaycanın hər iki ölkə ilə əməkdaşlığı davam etdirib: “Bu gün də Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə münasibətlərini inkişaf etdirir və bu əlaqələr qarşılıqlı maraqlara əsaslanır. Bu yanaşma isə ölkənin beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir”.

Deputat əlavə edib ki, Azərbaycanla Ukrayna arasında münasibətlər hər iki tərəfin maraqlarına uyğun inkişaf etdirilir: “Azərbaycan eyni zamanda Rusiya ilə də əlaqələri inkişaf etdirir. Bir müddət əvvəl iki ölkə arasında yaşanan gərginlik də artıq aradan qaldırılıb. Azərbaycan və Rusiya arasında strateji müttəfiqlik münasibətləri iki ölkənin maraqlarına xidmət edir”.

Vüqar İskəndərov bildirib ki, Azərbaycan dost saydığı ölkələr arasında münasibətlərin inkişafına çalışır, buna dəstək göstərir. Onun sözlərinə görə, bu, rəsmi Bakının yürütdüyü xarici siyasətin təməl prinsiplərindən birini təşkil edir.

İqtisadi əməkdaşlıq və enerji sahəsində potensial

Azərbaycan-Ukrayna münasibətlərində iqtisadi əməkdaşlıq da mühüm yer tutur. Deputat nəzərə çatdırıb ki, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial mövcuddur. Azərbaycanın enerji layihələri geniş coğrafiyanı əhatə edir və bu təcrübə Ukrayna ilə əməkdaşlıqda da istifadə oluna bilər: “SOCAR-ın Ukraynada fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri ikitərəfli iqtisadi əlaqələrin inkişafına töhfə verir. Bu, həm biznes münasibətlərinin genişlənməsi, həm də enerji sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu gün Qəbələdə Ukrayna Prezidenti Volodimir Zelenki ilə mətbuata birgə bəyanatında müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edib. Dövlət başçısı vurğulayıb ki, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var.

Qarşılıqlı maraqlar və dostluq prinsipləri

Vüqar İskəndorov vurğulayıb ki, Azərbaycanla Ukrayna arasında münasibətlər qarşılıqlı maraqlar və dostluq prinsipləri əsasında inkişaf edir: “Humanitar sahədə atılan addımlar bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan gələcəkdə də Ukrayna ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu əməkdaşlıq həm regional sabitliyə, həm də iki xalq arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcək”.