
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfrans keçirilib.
APA xəbər verir ki, tədbirdə Belçikanın keçmiş müstəmləkələri olan Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundidən, eləcə də Mərakeş və Cənubi Afrika Respublikasından, həmçinin BMT-dən rəsmi şəxslər iştirak ediblər.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov qeyd edib ki, reparasiya yalnız keçmişdə yaşanan əzablara görə maliyyə kompensasiyası ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, reparasiya müstəmləkəçiliyin uzunmüddətli mirasının və həmin siyasətlərin yaratdığı, bu günədək davam edən problemlərin aradan qaldırılmasına da xidmət etməlidir.
Konqonun Milli İnsan Hüquqları Komissiyasının prezidenti Paul Nsapu Mukulu bildirib ki, Konqo xalqı tarix boyu ən çox təzyiqlərlə üzləşən xalqlardan biridir və bu gün qarşıda duran əsas vəzifələrdən biri keçmiş ədalətsizliklərin nəticələrinin aradan qaldırılmasıdır.
Konfrans iştirakçıları Belçikanın Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundi xalqlarına qarşı müstəmləkəçilik dövründə törətdiyi cinayətlərə görə rəsmi üzr istəməsi və təzminat ödəməsi məsələsinin BMT-nin, o cümlədən İnsan Hüquqları Şurasının gündəliyində irəlilədilməsi məsələsini müzakirə ediblər.
Bundan əlavə, BMT Baş Assambleyasının 60/147 saylı Qətnaməsində təsbit olunan prinsiplərə uyğun olaraq, Belçikanın reparasiya və restitusiya öhdəliklərinin icrasına nəzarət edəcək beynəlxalq məcburedici mexanizmin işlənib hazırlanması məsələsi də müzakirə olunub.
Tədbirdə həmçinin Belçikanın müstəmləkə arxivlərinə tam və maneəsiz çıxışın təmin edilməsi, keçmiş müstəmləkə ərazilərindən olan mütəxəssislərin beynəlxalq ekspertlərlə bərabər proseslərə cəlb olunması, insan qalıqları və digər tarixi materialların mənşə ölkələrinə qaytarılması məsələləri diqqət mərkəzində olub.