
Reparasiya yalnız maliyyə ödənişi ilə məhdudlaşmamalıdır. İlk növbədə törədilmiş ədalətsizliklərin tanınması, onların nəticələrinin aradan qaldırılması və bu kimi halların gələcəkdə təkrarlanmamasının təmin edilməsi vacibdir.
APA xəbər verir ki, bunu Konqo Demokratik Respublikasının Milli Assambleyasının deputatı C-B. Francis Tshibalabala Mukunay Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda deyib.
O qeyd edib ki, reparasiya Belçika ilə Konqo Demokratik Respublikası arasında keçmişin yaratdığı komplekslərdən azad, bərabərlik və qarşılıqlı hörmətə əsaslanan yeni münasibətlərin qurulmasına da imkan verməlidir:
“Konqo xalqı tarixin silinməsini deyil, onun olduğu kimi tanınmasını və öyrədilməsini istəyir. Üzləşməkdən imtina etdiyimiz tarix xalqlar arasındakı münasibətlərə təsir etmək üçün hər zaman geri qayıdacaq. Əksinə, tanınan, öyrədilən və qəbul edilən tarix yeni münasibətlərin başlanğıc nöqtəsinə çevrilə bilər”.
Deputat vurğulayıb ki, reparasiya çərçivəsində sənət əsərlərinin və mədəni sərvətlərin restitusiya yolu ilə qaytarılması, həmçinin arxivlərin və insan qalıqlarının mənşə ölkəsinə geri gətirilməsi də təmin edilməlidir.