• 16 °C
|

Ceyhun Məmmədov: Ermənilərin abidələri dağıtmaqda məqsədi Azərbaycan xalqının tarixini silmək olub

23 Aprel 2026
img

Ermənilərin abidələri dağıtmaqda məqsədi Azərbaycan xalqının tarixini silmək olub.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.
Deputat deyib ki, işğaldan azad olunmuş ərazilərdə azərbaycanlılara məxsus tarixi-dini abidələr 30 il ərzində ermənilər tərəfindən barbarcasına və vəhşicəsinə dağıdılıb: “Bütün bu addımlar məqsədyönlü şəkildə həyata keçirilib. Ermənilər bu əməlləri planlı şəkildə icra ediblər. Bunun çox ciddi sübutları və əsasları mövcuddur və biz bu gün də onun ağır nəticələrini görürük. Söhbət yüzlərlə tarixi-dini abidənin vəhşicəsinə dağıdılması və talan edilməsindən gedir. Məsələn, məzarlıqlar ciddi şəkildə dağıdılıb, tamamilə məhv edilib ki, bunu açıq-aydın müşahidə etmək mümkündür”.
Ceyhun Məmmədov qeyd edib ki, Ağdamda, Zəngilanda, Kəlbəcərdə və Qubadlıda çoxlu sayda məzarlıqların dağıdıldığının, qəbirlərin qazıldığının şahidiyik: “Bu, həmin ərazilərdə məqsədli şəkildə aparılan dağıntı siyasətinin göstəricisidir. Bəzi məscidlərimizdə donuz və inək saxlanılıb. Məscidlərdən bu məqsədlə istifadə edilməsi açıq təhqirdir. Bu vəhşiliklər ermənilər tərəfindən yalnız bir ərazidə deyil, müxtəlif bölgələrdə həyata keçirilib. Eyni dağıntılar Ermənistan ərazisində də törədilib. Şah Abbas, Sərdar və Hacı Novruzəli məscidləri dağıdılıb. Göy məscid saxtalaşdırılıb, “fars abidəsi” kimi dünyaya təqdim olunmağa çalışılıb. Bu abidənin görünüşü də tamamilə dəyişdirilib”.
Deputat nəzrə çatdıırb ki, Ermənilər eyni zamanda Qafqaz Albaniyasına məxsus abidələri də dağıdıblar. Bu vəhşilikləri Amaras, Xatiravang, Qandzasar və Xudavəng monastırlarında da görmüşük. Həmin abidələr saxtalaşdırılıb, dağıdılıb və bəzilərinin erməniləşdirilməsinə cəhd edilib. Bütün bunlar göstərir ki, həyata keçirilən siyasət sistemli və məqsədyönlü olub. Əsas məqsəd Azərbaycan xalqının tarixini silmək, onu yox etmək və bu ərazilərin tarixini saxtalaşdırmaqdan ibarət olub. Eyni zamanda xalqın mənəvi dəyərlərini təhqir etmək və alçaltmaq hədəflənib. Təkcə Qarabağ və Şuşada 65 məscid dağıdılıb. Ermənistanda isə 300-dən artıq bu cür abidə məhv edilib. Bütün dünya bu məsələlərə reaksiya verməli, səssiz qalmamalı və bu cür halların bir daha təkrarlanmaması üçün konkret addımlar atmalıdır”.