
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə geniş tərkibdə görüşü keçirilib.
APA xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşılıb.
Bildirilib ki, nazirlər Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfərindən sonra dövlət başçıları arasında əldə olunmuş razılaşmaların icra vəziyyətini nəzərdən keçiriblər.
Görüşdə Azərbaycan-Ukrayna strateji tərəfdaşlığı, ticarət, enerji, investisiya, nəqliyyat, humanitar və çoxtərəfli əməkdaşlıq, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər yüksək səviyyəli təmasların davam etdirilməsinin, siyasi məsləhətləşmələrin, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın və İşgüzar Şuranın fəaliyyətinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Nazirlər Ukraynada davam edən müharibə fonunda regional proseslər və beynəlxalq çağırışlar ətrafında da fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasının və beynəlxalq hüquqa ciddi riayət olunmaqla münaqişənin diplomatik yollarla həllinin vacibliyini bir daha qeyd edib. O, Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə ardıcıl dəstəyini vurğulayıb.
Andriy Sibiha Qara dəniz və Azov dənizində davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə əlaqədar dərin hüznlə başsağlığı verib, həlak olanların ailələrinə başsağlığı, yaralananlara isə tezliklə sağalmaları arzusunu çatdırıb.
Görüşdə Azərbaycanın Ukraynaya 50 milyon ABŞ dollarından artıq humanitar yardım göstərdiyi, İrpin şəhərində yenidənqurma layihələrini həyata keçirdiyi və ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarını dəstəklədiyi də qeyd olunub.
Ceyhun Bayramov, həmçinin həmkarını Cənubi Qafqazdakı mövcud vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumatlandırıb.
***
11:17
Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata görə, Ceyhun Bayramov və Andriy Sibiha arasında təkbətək görüş keçirilir.
***
11:08
Ukraynanın xarici işlər naziri Andriy Sibiha Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu Ukrayna Xarici İşlər Nazirliyində qarşılayıb.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Nazirlər daha sonra Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının sərgisinə baxıb.