• 26 °C
|

Müqəddəs Roma Kilsəsinin rəsmisi: Azərbaycanla əməkdaşlığımız üçün yeni imkanlar yaranıb – MÜSAHİBƏ

30 İyul 2026
img

Müqəddəs Roma Kilsəsinin Arxivçisi və Kitabxanaçısı, Baş Yepiskop Giovanni Cesare Pagazzinin APA-ya müsahibəsi:

– İlk növbədə, müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Bir müddət əvvəl Azərbaycana səfəriniz baş tutdu. Səfərlə bağlı ümumi təəssüratlarınızı bölüşərdinizmi? Səfərinizin nəticələrini necə qiymətləndirirsiniz və bu çərçivədə keçirilən görüşlər barədə nə deyə bilərsiniz?

– Nümayəndə heyətimiz Vatikan Apostol Arxivinin prefekti, Vatikan Apostol Kitabxanasının prefekti və məndən ibarət idi. Hər üçümüz Azərbaycandan dərin məmnunluq hissi ilə ayrıldıq. Biz qədim tarixə malik, eyni zamanda müasir, yüksək ləyaqətə və zəngin mədəniyyətə sahib bir xalqla tanış olduq. Səfərin nəticələri olduqca ümidvericidir. Bir tərəfdən, bu səfər rəhbərlik etdiyim iki Vatikan qurumu ilə Azərbaycan Respublikası arasında artıq mövcud olan möhkəm əlaqələri daha da gücləndirdi, digər tərəfdən isə gələcək əməkdaşlıq üçün yeni istiqamətlər müəyyənləşdirildi.

– Azərbaycanla Müqəddəs Taxt-Tac arasında münasibətləri necə qiymətləndirirsiniz? Sizcə, qarşıdakı illərdə hansı sahələrdə əməkdaşlığın genişləndirilməsi potensialı var?

– Rəhbərlik etdiyim iki Vatikan qurumunun – Vatikan Apostol Arxivi və Vatikan Apostol Kitabxanasının baxış bucağından münasibətlər çox yaxşı və perspektivlidir. Bu əlaqələrin təməlində, ilk növbədə, mədəni əməkdaşlıq dayanır. Coğrafi mövqeyinə görə Azərbaycan müxtəlif xalqların və mədəniyyətlərin qovuşduğu bir məkandır. Məhz bu xüsusiyyət Azərbaycanın təkcə Kilsənin deyil, bütövlükdə bəşəriyyətin yaddaşını qoruyan və təbliğ edən Vatikan Apostol Arxivi və Vatikan Apostol Kitabxanasının əhəmiyyətini daha yaxşı dərk etməsinə şərait yaradır.

– Son 15 ildə Heydər Əliyev Fondu ilə Vatikan arasında sıx əməkdaşlıq qurulub və bir sıra uğurlu layihələr həyata keçirilib. Bu əməkdaşlığı necə qiymətləndirirsiniz? Sizcə, tərəfləri birləşdirən əsas dəyərlər hansılardır?

– Heydər Əliyev Fondunun Vatikan Apostol Arxivinə və Vatikan Apostol Kitabxanasına göstərdiyi düşünülmüş və səxavətli dəstək ötən dövrdə və hazırda həyata keçirilən bir sıra mühüm layihələrin reallaşmasına töhfə verib. Mən hesab edirəm ki, layihə sazişlərinin hazırlanması prosesinin özü belə, tərəflərin ehtiyac və həssaslıqlarının qarşılıqlı hörmət əsasında nəzərə alınması dostluğun əlamətidir. Bütün iştirakçılar üçün faydalı olan gözəl nəticələr də məhz belə dostluq münasibətlərindən doğur.

– Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqu fəal şəkildə təşviq edir, bu istiqamətdə beynəlxalq tərəfdaşlarla birgə konfrans və forumlar təşkil edir. Bu fəaliyyət Müqəddəs Taxt-Tac tərəfindən yüksək qiymətləndirilir. Bakıda katolik icması üçün əlverişli şərait yaradılıb, Müqəddəs Məryəmin Məsum Hamiləliyi Kilsəsi dövlət dəstəyi ilə fəaliyyət göstərir. Sizcə, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında tərəfdaşlığın daha da möhkəmlənməsi üçün hansı konkret təşəbbüslər həyata keçirilə bilər?

– Mən yalnız rəhbərlik etdiyim iki qurumun baxış bucağından danışa bilərəm. Mədəniyyət insanların, xalqların və xoş niyyətli bütün tərəflərin bir-birini tanıya və qiymətləndirə bildiyi böyük, açıq və qonaqpərvər ictimai məkandır. Bu məkanın qurulmasına və yaşadılmasına töhfə verənlər, eyni zamanda dinlərarası dialoqun və sülhün möhkəmlənməsinə də xidmət etmiş olurlar.

– Azərbaycanda çoxsaylı xristian dini irsi dövlət tərəfindən qorunur və bərpa olunur. Bundan əlavə, Prezident İlham Əliyevin tapşırığı ilə hazırda Bakıda Müqəddəs II İohann Pavelin adını daşıyan ikinci katolik kilsəsi inşa edilir. Bu təşəbbüsləri necə qiymətləndirirsiniz və onların Azərbaycanın dinlərarası dialoq və dini tolerantlığa sadiqliyi baxımından hansı mesajı verdiyini düşünürsünüz?

– Azərbaycanın ərazisində fəaliyyət göstərən dini icmalar arasında dialoqu təşviq edən rəsmi dövlət qurumunun mövcudluğu dövlətin hər bir dini, həqiqətən, azad tərəfdaş kimi qəbul etmək niyyətini göstərir. Hər bir din yalnız onun ictimai fəaliyyətinin təbii dinamikasına hörmət göstərildiyi və qanunvericilik çərçivəsində irəli sürdüyü qanuni müraciətlərə dövlət bürokratiyası tərəfindən bütün vətəndaşlara eyni qaydada tətbiq olunan qanun əsasında baxıldığı halda azad şəkildə fəaliyyət göstərə bilər.

– Vatikan Apostol Kitabxanasında bəşəriyyət tarixinin ən qiymətli əlyazmaları və sənədləri qorunur. Sizcə, bu xəzinənin ən mühüm inciləri hansılardır? Kitabxanada Azərbaycan və regionla bağlı əlyazmalar da saxlanılır. Bundan başqa, Vatikan Apostol Arxivində Roma Papaları ilə orta əsrlər Azərbaycan hökmdarları, o cümlədən Səfəvi dövlətinin banisi və hökmdarı Şah İsmayıl Xətai arasında yazışmalar mövcuddur. Bu sənədlərin tarixi əhəmiyyəti barədə nə deyə bilərsiniz? Gələcəkdə mədəni və elmi əməkdaşlıq çərçivəsində həmin yazışmaların surətlərinin Azərbaycana təqdim olunması mümkündürmü?

– Bu sualınız mənim daha əvvəl vurğuladığım mühüm bir məqamı bir daha təsdiqləyir: Vatikan Apostol Arxivi və Vatikan Apostol Kitabxanası yalnız Kilsənin deyil, bütün dünyanın yaddaşıdır. Buna görə də belə qurumlara dəstək göstərmək, əslində, öz xalqının tarixi yaddaşına qayğı göstərmək deməkdir. Hesab edirəm ki, artıq mövcud olan elmi əməkdaşlıq çərçivəsində, Müqəddəs Taxt-Tacın qüvvədə olan qanunvericiliyinə tam uyğun şəkildə, müəyyən sənədlərin surətlərinin paylaşılması imkanına gələcəkdə baxıla bilər.