• 29 °C
|

Sahibə Qafarova Efiopiya Xalq Nümayəndələri Palatasının sədri Tagasse Çaffo ilə görüşüb – FOTO

28 İyul 2026
img

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 28-də bu ölkənin Xalq Nümayəndələri Palatasının sədri Tagasse Çaffo ilə görüşüb.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Ölkəsinin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini deyən Tagasse Çaffo bildirib ki, Azərbaycan parlamentinin spikerinin bu səfəri qanunvericilik orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək.

Milli Məclisin sədri Sahibə Qafarova da öz növbəsində qeyd edib ki, bu səfər Azərbaycanın qarşılıqlı münasibətlərə verdiyi yüksək dəyərin göstəricisidir.

Görüşdə Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasiye və Baş nazir Abiy Əhməd Əlinin Azərbaycana səfərləri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdikləri görüşlər zamanı ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparıldığı xatırladılıb.

Söhbət zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2026-cı ilin yanvar ayında Efiopiyaya səfərinin əhəmiyyəti vurğulanıb.

Ölkələrimiz arasında turizm, biznes, qarşılıqlı investisiya qoyuluşu, mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilib. Bu əməkdaşlığın uğurlu göstəricisi kimi, "ASAN xidmət" modelinin Efiopiyada da tətbiq olunması, bu modelin Efiopiyada Azərbaycanın izi kimi qiymətləndirildiyi bildirilib.

Görüşdə parlamentlərarası münasibətlərin daha da inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova Tagasse Çaffonu Azərbaycana rəsmi səfərə dəvət edib və dəvət məmnunluqla qəbul olunub.

Vurğulanıb ki, parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. Bu baxımdan parlament sədrlərinin və dostluq qruplarının qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd edilib. Həmçinin parlament komitələri və aparatları arasında əməkdaşlığın genişləndirilməsinə maraq ifadə olunub.

Efiopiya Parlamenti Xalq Nümayəndələri Palatasının sədri, hazırda ölkəsinin qanunvericilik orqanında islahatlar həyata keçirildiyini bildirib və Azərbaycanın bu sahədəki təcrübəsinin onlar üçün maraqlı olduğunu vurğulayıb.

Tərəflər həmçinin, BMT, Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və digər beynəlxalq təşkilatlarda əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.