• 15 °C
|

TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib – YENİLƏNİB

18 Aprel 2026
img

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib.

APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Qeyd edilib ki, Qeyri-rəsmi Zirvə Görüşü Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Nazir çıxışında qlobal miqyasda geosiyasi parçalanmanın dərinləşdiyini və müxtəlif regionlarda münaqişələrin davam etdiyini qeyd edərək, bu şəraitdə regional əməkdaşlığın əhəmiyyətinin daha da artdığını vurğulayıb.

O, həmçinin Xarici İşlər Nazirləri Şurasının müntəzəm qeyri-rəsmi görüşlərinin, eləcə də 2025-ci ilin oktyabrında Qəbələ Zirvə Görüşündə təsis edilən və 2026-cı ilin martında İstanbulda daha da inkişaf etdirilən “TDT+” formatının inklüziv və strateji tərəfdaşlıqların təşviqinə xidmət etdiyini diqqətə çatdırıb.

***

16:30

Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilir.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən iclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.