Azərbaycanlı turizmçilər İtaliya səfirliyinin fəaliyyətindən narazıdır — ARAŞDIRMA

162627732 1915523438586912 5317142205063158285 n

Son aylarda İtaliyaya turist vizalarının verilməsində həm turizm agentliklərinin nümayəndələri, həm də turistlər böyük çətinliklərlə üzləşir.

Bu barədə Turizmplus.az saytına 15-dən çox vətəndaş şikayəti daxil olub. Belə ki, İtaliyanın Bakıdakı səfirliyi turist vizaları üçün onlayn növbə zamanı vətəndaşları bürokratik çətinliklərlə üz-üzə qoyur.

«Turizm.az» şirkətinin direktoru Nəsimi Kərəmovun sözlərinə görə, onlayn sistemdə növbə siyahısı yoxdur. Bəzi hallarda görüş götürmək üçün insanlar gecə saatlarına qədər gözləməli olurlar. Bununla yanaşı, qeydiyyatdan keçən emaillar süni yolla bloka atılır. Direktor qeyd edir ki, bu promlemlərlə də bitmir. Sənəd qəbulunda və s. məsələlərdə səfirlik son aylar Azərbaycan vətəndaşları üçün süni çətinliklər yaradır.

«Concierge Travel» şirkətinin rəhbəri Şəfiqə Mahmudova da eyni məsələlərdən şikayətçidir. O bildirir ki, səfirlik səhər və günorta saatlarında görüş üçün onlayn qeydiyyat prosesini bağlayır. Yalnız gecə və səhərə yaxın saatlarda bu prosesi həyata keçirmək mümkündür.

«Travellers Club» turizm agentliyinin direktoru Əsmət Nemətovanın bildirir ki, adıçəkilən problemlər artıq 2 ilə yaxındır ki, var. O, bunu İtaliya səfirliyinin işləri vaxtında çatdırmaması ilə əsaslandırır.

Sorğumuzu cavablandıran «Ra Miles» şirkətinin rəhbəri Ramilə Arifzadə, «ESSE Travel» şirkətinin rəhbəri Azadə Əliyeva və bir çox turizmçilər də bu hallardan şikayətçi olduqlarını bildiriblər. Qeyd olunub ki, İtaliya viza mərkəzini yenidən bərpa etmək lazımdır.

Hətta yaxın qohumları İtaliyada yaşayan, təhsil alan və işləyən insanlar da bu ölkəyə səfər edərkən böyük çətinliklə qarşı-qarşıya qalır.

Obyektivlik naminə qarşı tərəfin fikrini almaq istəsək də, səfirlik nümayəndələri telefon zənglərimizə cavab vermədi.

Azərbaycan-İtaliya ölkələri arasında möhkəm dostluq və əməkdaşlıq ənənələri var. Münasibətlər bütün sahələr üzrə yüksələn xətlə inkişaf edir. Strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr günü-gündən güclənir. Ancaq belə bir dövrdə İtaliyanın Azərbaycandakı səfirliyinin turistlər üçün yaratdığı süni əngəllər təəssüf doğurur…

RƏHİM QƏDİROV 

Menecerlər