Milli aviaşirkət yeni “Boeing 787 Dreamliner”lər alır

Boeing 787 Dreamliners 2

AZAL və “Boeing” 8 ədəd “787-8 Dreamliner” təyyarəsinin tədarükünə dair razılıq əldə edib. Aviaşirkətin uzun məsafəli donanmasının genişləndirilməsini təmin etmək məqsədilə razılaşmaya əsasən təyyarələrin beşinin 2030-cu ilə qədər, yerdə qalan üç ədədinin isə 2030-cu ildən sonra təhvil verilməsi nəzərdə tutulur.

«Azərbaycan Hava Yolları» QSC-nin Mətbuat xidmətindən Turizmplus.az saytına verilən məlumata görə, yüksək səmərəli hava gəmiləri aviaşirkətə marşrut şəbəkəsini və ölkəyə turist cəlb etmək imkanlarını genişləndirməyə şərait yaradacaq.

“Ölkənin mülki aviasiyasının uğurlu inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin davamlı dəstəyi və diqqəti sayəsində mümkün olub. Müasir geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarələrinin əldə olunması üçün “Boeing” şirkəti ilə müqavilənin imzalanması AZAL-ın donanmasının modernləşdirilməsi və aviadaşımaların səviyyəsinin yüksəldilməsi çərçivəsində mühüm addımdır.” – deyə AZAL  prezidenti Cahangir Əsgərov bildirib.

Çevikliyi, uzaq məsafəli uçuşları və yanacağa qənaəti sayəsində “Boeing 787 Dreamliner” təyyarələri aviaşirkətlərə 350-dən çox yeni birbaşa marşrutlar açmağa imkan verib. Yeni “Dreamliner” təyyarələri “Azərbaycan Hava Yolları”na Avropa, Asiya və digər regionlarda öz şəbəkəsini genişləndirməyə imkan verəcək.

Boeing 787 Dreamliners 3

“«Boeing 787» təyyarəsi sayəsində “Azərbaycan Hava Yolları” Mərkəzi Asiyanın aviaşirkətləri sırasında liderliyini möhkəmləndirib. Laynerin çevikliyi və imkanları Azərbaycanda turizm və iqtisadi artım üçün yeni perspektivlər açır. AZAL ilə uğurlu əməkdaşlığımız 20 ildən artıqdır ki, davam edir və əlavə “Dreamliner” təyyarəsinin yeni sifarişi məhsullarımızın əhəmiyyətini və iki şirkət arasındakı münasibətlərin dərinliyini vurğulayır.” – deyə “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Sten Dil bildirib.

“Azərbaycan Hava Yolları” aviaşirkəti Mərkəzi Asiyanın ən iri aviadaşıyıcılarından biridir və öz donanmasında “Boeing” 757, 767 və 787 təyyarələri də daxil olmaqla müxtəlif model hava gəmilərindən istifadə edir.

Dünyanın aparıcı aerokosmik şirkəti olan “Boeing” 150-dən çox ölkədə müştəriləri üçün mülki təyyarələrin, kosmik gəmilərin, müdafiə məhsullarının istismarı və texniki xidməti üçün xidmətlər və sistemlər hazırlayır, istehsal və təmin edir.

Menecerlər