Gürcüstan səfəri zamanı enerjisi və dünyagörüşü ilə diqqətimi çəkən yol yoldaşıyla dönüş zamanı Tbilisi Hava Limanında yaxından tanış olmaq şansım yarandı. Onun haqqında eşitmişdim və düzünü desəm, ətraflı söhbət etmək üçün uyğun zaman axtarırdım. Tbilisi-Bakı reysində uçuşu gözləmək bizim üçün ən uyğun zamana çevrildi. Beləliklə, Nizami Əliyevlə söhbətə başladım…
— Nizami müəllim, icazənizlə sizi daha yaxından tanıyaq
— Nizami Əliyev, 147 ölkədə olmuşam. Elə ölkələr varki 2-3 dəfə səfər etmişəm. Sözün düzü əvvəl saymırdım, sonra fikrimi dəyişdim. Sovetlər dönəmində “пересечение государственных границ” deyimi var idi. Ancaq sərhədləri keçdikdə başqa ölkəyə getmiş kimi sayırdıq. Vilnüs özü belə daxili turizmin bir istiqaməti hesab edilirdi, o cümlədəm, Ukrayna və s.
— Harada işləyirdiz? Bu səyahətlər sizin işinizə mane olmurdu?
— Prokurorluqda işləyirdim. İlk pillədən başlayaraq bütün vəzifələri keçmişəm. Sonda Bakı şəhər prokuroru təyin edildim. İki dəfə — 1980-1983 və 1990-cı ildə vəzifədə olmuşam. O zaman rəhmətlik İsmət Qayıbov Baş Prokuror idi. Allah rəhmət eləsin, gözəl insan olub.
— Bu qədər məsuliyyətli işlərin arasında səyahətlərə necə vaxt tapırdınız?
— Əvvəlcə onu deyim ki, artıq 20 ildir ki, təqaüddəyəm. Bu zaman ərzində də çox səyahət etmişəm. Bundan əlavə mən cavanlığda, hətta tələbə vaxtından, o vaxtı “комсомольский путёвка”-lar idi, o turlarla səyahətlər etmişəm. 7 ölkə — Almaniya, Bolqarıstan, Çexoslovakiya, Macarıstan, Rumıniya yay vaxtı 2 həftəlik turun qiyməti 130 rubl idi. Bu günə qədər yadımdadır, bütün sovet ölkələrinin gəncləri Çexoslovakiyada meşənin içində yerləşən “молодежный лагерь”də toplaşırdı.
Yəni, 17 yaşımdan səfərlərə başlamışam. Mən 1940-cı il təvəllüdəm, artıq 83 yaşın içindəyəm. Sərhədləri ilk dəfə aşıb 1957-ci ildə Polşaya getmişəm. Heç yadımdan çıxmaz, hamımız gənc idik, aramızdan bir yol yoldaşımız inəkləri görüb dedi: “Слушай коровы такие же как у нас”. Yəni Sovet sərhədlərindən kənara çıxmaq bizim üçün qeyri-adi hesab edilirdi. Vislanı keçdik deyirdik ki, tamamilə başqa bir dünyadır. Sonra anladıq ki, eyni dünyadır, eyni insanlardır, eyni xasiyyətlərdir.
— Səyahətlər zamanı başınıza gələn maraqlı hadisələrdən hansı yadınıza düşür?
— Maraqlı hadisələr yetərincə çox olub. Rumıniyada Braşov şəhəri var. Yaxın dostumla başımız qarışdı, “комсомольский” qrupdan kənar qaldıq, gördük ki, qatar gedir. Mən praktiki cəhətdən artıq axırıncı vaqona çatmışdım. Birdən dostum qışqırdı ki, “аппендицит” əməliyyatı olmuşam qaça bilmirəm, məni tək qoyma, məcbur olub ona görə qaldım. Bu gülməli dialoq xatirimdə qalıb. Səhəri bizi Buxarestə gətirdilər. Ordan da Mamaev şəhərinə.
— Nizami müəllim, hansı qitədə olmamısınız?
— Hamısında olmuşam, Avstraliyaya qədər qədəm qoymuşam. Özü də dəfələrlə. İlk dəfə Afrika qitəsinə 1965-ci ildə uçmuşam: Moskvadan Kenyaya.
— Bu ölkələrə səfərlər işlə bağlı idi?
Qətiyyən, əksinə məni səyahətlərə görə işdən xaric etmək istəyirdilər. Görkəmli prokuror var idi, Mamedov, Allah ona rəhmət eləsin. O, mənim bütün icraatımı yoxlamışdı, ələkdən keçirmişdi ki, görək bu cavan oğlan hansı maliyyə ilə səyahət edir. İmkanımız var idi: atam professor, babam da sağ idi. Bunlara mən sübut edənə qədər, «mənimki mənə gəldi». Gördüm ki, mənə inanmırlar, dedim çıxarırsınız çıxarın…
1965-ci ildə Bakıda 1 il ərzində demək olar ki, yeganə səfər edən qrup biz idik. O vaxt belə bir qayda var idi «kapstrana» yəni kapitalizm ölkələrinə 3 ildən bir dəfə «raykom»un icazəsi ilə getmək olardı. O xasiyyətnaməni təsdiq etməsəydi getməyə icazə yox idi. Bizə 25 gün üçün cəmi 50 manat pul dəyişirdilər. Bununla bağlı “Гос. Банк» «банковский счёт” verirdi. “расчётный” işlər gəmidə, barda olurdu. “Братская Советская Республика”ya daxil olan ölkələrin hər birindən bir nümayəndə qrupu olurdu. Hər qrupda 20-25 nəfər var idi. Onu da deyim ki, bütün qrupların daxilində 2 nəfər KQB əməkdaşı səfər edirdi. Mən də müstəntiq olduğuma görə, cəlb etmək istədilər.
Dedim: «Mən partiya yoldaşlarımı izləyəcəyəm? Düz gəlmir axı…»
BİRİNCİ HİSSƏNİN SONU
RƏHİM QƏDİROV