ATAA Dominikan Respublikasının turizm təşkilatları ilə əməkdaşlıq əlaqələrini genişləndirir

WhatsApp Image 2023 05 18 at 18.00.25

Turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı əlaqələrin formalaşdırılması məsələləri Azərbaycan Turizim Agentlikləri Assosiasiyasının İdarə Heyətinin rəhbəri Göydəniz Qəhərmanovla Dominikan Respublikasının Türkiyədəki səfiri Elvis Alam ilə keçirilən işgüzar görüşdə müzakirə edilib.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüş zamanı Göydəniz Qəhrəmanov ilk olaraq səfirə Assosiasiyanın fəaliyyəti, ölkə turizminin bərpasında və inkişafındakı rolu, quruma üzv olan şirkətlərlə əməkdaşlıq imkanları haqqında məlumat verib.

Azərbaycanın həm gəlmə, həm də getmə turizmi ilə məşğul olan şirkətləri üçün yeni istiqamətlərin açılmasının vacibliyinə toxunan Assosiasiya sədri ATAA-nın pandemiyadan sonra ölkənin turizm baxımından cəlbediciliyinin artırılması, mövcud turizm destinasiyalarının və məhsullarının yeni turizm bazarlarında təşviqində maraqlı olduğunu bildirib.

Dominikan Respublikasının geniş turizm potensialına sahib olduğunu diqqətə çatdıran səfir Elvis Alam ada ölkəsində istirahət, eko və sağlamlıq turizminin geniş yayıldığını, əlverişli iqliminə görə il ərzində uzaq ölkələrdən belə böyük sayda turistin səfər etdiyini vurğulayıb. Səfir ölkəsində fəaliyyət göstərən turoperatorlar və turizm şirkətləri ilə ATAA arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasına dəstək göstərməyə hazır oluduğunu bildirib.

Görüş çərçivəsində birgə iş birliyinin formalaşdırılması, birbaşa aviauçuşların açılması, B2B formatlı görüşlərin keçirilməsi, tanıtım məqsədli qarşılıqlı infoturların təşkili, kombo turların hazırlanması, kommunikasiya əlaqələrinin inkişafı, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Dominikan Respublikasının Azərbaycan Respublikasında səfirliyi fəaliyyət göstərmədiyi üçün iki ölkə arasında əlaqələr Türkiyənin Ankara şəhərində yerləşən səfirliyindən idarə olunur.

Menecerlər