Turizm sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi və əlaqələrin inkişafı məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla “Ratespro” Qlobal Səyahət Platforması kommersiya ofisinin rəhbəri Draqan Mixaylovic və biznesin inkişafı üzrə meneceri Katerina Cavanovska arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Görüşdə Assosiasiyanın və quruma üzv olan şirkətlərin fəaliyyət istiqamətləri, turizm bazarında rolu və görülən işlər barəsində ətraflı məlumat verilib.
Müzakirələr zamanı iki təşkilat arasında birgə iş birliyinin formalaşdırılması, B2B formatlı görüşlərin təşkili, ATAA üzvləri üçün onlayn platformadan istifadənin təşviqi və platforma ilə bağlı marifləndirmə tədbirlərinin keçirilməsi, eləcə də turizm şirkətləri ilə biznes əlaqələrinin yaradılması, kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr çərçivəsində təşkilat rəhbərləri ikili formatlı görüşlərin keçirilməsinin vacibliyinə toxunaraq gələcəkdə bu istiqamətdə müsbət nailiyyətlərin əldə olunması üçün birgə səylərin artırılmasına dəstək olacaqlarını bildiriblər.