Media nümayəndələri “Şahdağ” Turizm Mərkəzinə səfər edib — TURİZM+ TV

photo 2023 07 03 12 11 34

İyunun 29-da “Şahdağ” Turizm Mərkəzinə yay mövsümünün başlanması ilə əlaqədar olaraq kütləvi informasiya vasitələrinin nümayəndələri üçün iki günlük mediatur təşkil edilib.

Mediaturun məqsədi “Şahdağ“ Turizm Mərkəzinin yay turizminin inkişafı istiqamətində həyata keçirdiyi işlər, turistlərə göstəriləcək xidmətlər, eləcə də təqdim olunacaq turizm məhsulları və əyləncələr haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Mediatur çərçivəsində KİV nümayəndələri üçün turizm mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib. Təqdimatda çıxış edən “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov media nümayəndələrinə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan yay əyləncə növləri, tədbirlər və gələcək planlar haqqında ətraflı məlumat verib.

Sədr hazırda qarşıya qoyulan əsas hədəfin mərkəzin təkcə qış turizmi baxımından deyil, ilin bütün fəsillərində fəaliyyət göstərən turizm mərkəzi kimi tanıdılması, eləcə də yerli və əcnəbi ziyarətçilərin sayının artırılması, müştəri məmnunluğunun yüksəldilməsi, həmçinin ölkədaxili və xarici tanıtım kampaniyalarının aparılması olduğunu diqqətə çatdırıb.

Rüstəm Nəcəfov Turizm Mərkəzinin ölkə xaricində geniş tanıtımı üçün bir sıra  beynəlxalq sərgilərdə aktiv təşviqat işlərinin aparıldığını qeyd edib.

Tədbirdə media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb. Mediatur çərçivəsində KİV nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan kanat yollarından, atraksionlardan və müxtəlif  yay əyləncələrindən istifadə ediblər.

Məlumat üçün bildirək ki, hazırda turizm mərkəzində qonaqlar kanat yolu, böyüklər və uşaqlar üçün kvadrosikl, bobkart, batut, off-road turlar, peyntbol, oxatma, paraplan, ziplayn, seqvey, “shahdag coaster”, atla gəzinti, velosiped əyləncələrindən istifadə edə bilərlər. Bu il  həmçinin mərkəz ərazisində olan göl də istifadəyə verilib.Burada qonaqlar həm üzə ,həm də  su əyləncələrindən istifadə edə bilərlər.

Qeyd edək ki, 2022-ci ilin statistik  məlumatlarına əsasən “Şahdağ” Turizm Mərkəzinə  109 minə yaxın ziyarətçi səfər edib, tabeliyində olan hotellərində 60 minə yaxın şəxs qonaqlayıb.

Menecerlər