Turizm sahəsində biznes əlaqələrinin inkişafı və əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Hindistanın “İndigo Airlines” hava yolları şirkətinin əsas satış agenti və təmsilçisi olan “Wingspan grup” şirkətinin rəhbəri Tasneem Udaipurval arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə Göydəniz Qəhrəmanov ilk olaraq şirkət direktoruna Assosiasiyanın fəaliyyəti, ölkənin turizm sənayesinin inkişafında rolu, üzvlərinin sayı haqqında ətraflı məlumat verib. ATAA sədri qarşılıqlı turist cəlbediciliyinin artırılması baxımından aviaçuşların sayının çoxaldılmasının vacib amillərdən bir olduğunu qeyd edib. Pandemiyadan sonra Azərbaycana səfər edən əcnəbi qonaqlar sırasında Hindistanın ilk 5-likdə yer tutduğunu deyən Göydəniz Qəhrəmanov gəlmə turizmi ilə məşğul olan üzv şirkətlər üçün bu destinasiyanın əsas hədəf bazarlarından biri olduğunu bildirib.
Müzakirələr çərçivəsində avqustun 11-dən etibarən “İndigo Airlines” avişirkətinin həftədə 4 dəfə olmaqla Bakı-Dehli-Bakı reysi üzrə uçuşlar həyata keçirəcəyini bildirən“Wingspan grup” şirkətinin rəhbəri Tasneem Udaipurval bu uçuşların reallaşmasından sonra turist sayında müsbət artımın olacağına ümid etdiyini deyib.
Görüş zamanı birgə iş birliyinin yaradılması, turist cəlbediciliyinin artırılması istiqamətində qarşılıqlı əməkdaşlıq, üzv şirkətlərlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qiymət siyasətinin formalaşdırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 300 dən artıq təyyarəsi olan “İndigo Airlines” şirkəti gündəlik olaraq 75 daxili, 25 beynəlxalq istiqamətlər üzrə uçuşlar həyata keçirir.