Səhər saatlarında Zaqatala rayonununda yerləşən Katex şəlaləsinə getməyə çalışan iki yerli turist itkin düşüb.
Turizmplus.az xəbər verir ki, artıq itkin düşən turistlərin tapıldığı, sağlamlıqlarında problemin olmadığı bildirilir. Bu barədə peşəkar dağçı Toğrul Cəfərov saytımıza məlumat verib.
«Bizim, yəni dağçıların kiçik xilasetmə qrupumuz var. Mən də səhər açılandan DSX, polis, yerli camaatla koordinasiyadayam. İndi nahara qədər nəticə olmayınca polisdə tanıdığım şəxslərlə danışdım ki, gələ bilərik. Dedilər elə 15 dəqiqə əvvəl sağ-salamat tapmışıq».
T.Cəfərov Zaqatalada meşələrində daim itmə hallarının yaşanması ilə bağlı fikrini də bildirib:
«Zaqatalada bir Bermud üçbucağı kimi yer var, kim itirsə orada itir. Bu üçbucaq Qəbizdərə, Honzoqor və Katex şəlaləsi aralığında olan sərt yamaclı, qayalıq və meşəlik hissələrdən ibarət çay dərələri ilə parçalanmış zonadır.
Hazırda tapılan 2 nəfər də bu istiqamətdə itkin düşüb. İddia edilir ki, Katex şəlaləsinə getmək istəyiblər. Katex şəlaləsi Zaqatala qoruğunun ərazisində olduğu üçün oraya heç kəs buraxılmır. Getməyə niyyəti olanlar da çalışırlar ki, gizlin getsinlər. Gizlin getmək də bir çox risk və təhlükələrə səbəb olur.
Xüsusi mühafizə edilən ərazilərə gedərkən müvafiq qurumlardan icazə almaq, peşəkar bələdçilərin xidmətindən istifadə etmək, ehtiyat qida və ilkin tibbi yardım ləvazimatlarını götürməyi unutmamaq tövsiyə olunur», — deyə, peşəkar dağçı Toğrul Cəfərov qeyd edib.
RƏHİM QƏDİROV