HƏMAS-ın silahlı qanadı kimi tanınan İzzəddin əl-Qəssam briqadalarının Qəzzada başladığı ‘Əqsa tufanı’ əməliyyatı səbəbiylə bir çox ölkədəki aviaşirkətlər, tur-operatorlar və səyahət agentliklər İsrail səfərlərini dayandırmağa qərar verib.
Turizmplus.az xəbər verir ki, əməliyyatlardan sonra Lufthansa, Emirates, Air France-KLM, Ryanair, Aegean, Swiss, Austrian Airlines, Wizz Air, Air Canada və Polşanın LOT aviaşirkətləri İsrailə uçuşları ləğv edib.
Rusiya Federasiyasında turizm sektoruna nəzarət edən İqtisadi İnkişaf Nazirliyi turistlərə İsrailə turizm məqsədi ilə səyahət etməkdən çəkinməyi tövsiyə edib.
Rusiya ilə yanaşı bir çox Avropa ölkələri də turistlərə İsrail səfərlərini təxirə salmaqla bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, Azərbaycanın milli aviaşirkəti AZAL İsraildə, o cümlədən «Ben Gurion» Beynəlxalq Hava Limanının ərazisində qeyri-sabit vəziyyət və raket hücumları ilə əlaqədar «Azərbaycan Hava Yolları» aviaşirkətinin oktyabrın 10-na planlaşdırılan Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə reysi ləğv edib.