Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin müvafiq əmrinə əsasən Araz Aslanlı Azərbaycan Turizm və Menecment Universitetinə (ATMU) Strateji inkişaf məsələləri üzrə prorektor vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının DÖvlət Turizm Agetliyinin aparat rəhbəri Kənan Qasımov və ATMU-nun rektoru İlham Mədətov yeni prorektoru kollektivə təqdim ediblər. Bildirilib ki, Araz Aslanlı bakalavriatura pilləsi üzrə təhsilini Türkiyənin Hacettepe Universitetində (Dövlət idarəçiliyi), magistratura pilləsi üzrə təhsilini Ankara Universitetində (İdarəetmə və politologiya), doktorantura pilləsi üzrə təhsilini Gazi Universitetində (Beynəlxalq münasibətlər) alıb.
Turizmplusaz xəbər verir ki, Türkiyənin və Avrasiya regionunun nüfuzlu strateji araşdırmalar mərkəzlərində (əvvəlcə ASAM-da, daha sonra isə TUSAM-da) Azərbaycan şöbəsinin sədri, Ümumqafqaz Şöbəsinin sədri, mərkəzin sədr müavini kimi vəzifələrdə işləyib. Bu mərkəzlərdə gənc tədqiqatçılar üçün təşkil edilən müxtəlif araşdırma proqramlarının təlimçisi olub.
A.Aslanlı Qarabağ problemi, enerji strategiyası, Azərbaycan xarici siyasətinin müxtəlif istiqamətləri, Türkiyənin xarici siyasəti, etnik münaqişələr və s. mövzulara dair 100-dən çox məqalənin müəllifidir. Məqalələri Azərbaycan, ingilis, rus, alman, fransız, türk, ərəb və digər dillərdə dünyanın müxtəlif ölkələrinin (Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Fransa, İngiltərə, Qətər və s.) elmi nəşrlərdə, qəzetlərdə və internet saytlarında dərc olunub. Azərbaycan, ingilis və türk dillərində nəşr edilən 5 kitabın müəllifi, 12 kitabın həmmüəllifidir.
2018-ci ilin sentyabr ayından Dövlət Gömrük Komitəsinin Akademiyasında Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi işləyib.2021-ci ilin sentyabr ayından 2023-cü ilin oktyabrına kimi adıkeçən akademiyanın Tədris və innovasiyalar üzrə rəis müavini vəzifəsində çalışıb.17 oktyabr 2023-cü il tarixindən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Strateji inkişaf məsələləri üzrə prorektoru vəzifəsində fəaliyyətə başlayır.Rektor İlham Mədətov təqdimat –çıxışından sonra A.Aslanlıya ATMU-da başlanan yeni fəaliyyət sahəsində uğurlar arzulayıb.
Öz növbəsində Araz Aslanlı ona göstərilən etimada görə təşəkkürünü bildirib. Universitetin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.