Naxçıvanın turizm imkanları, yeniliklər, planlar… — RƏHİM QƏDİROV YAZIR

IMG 3422

Xəbər verdiyimiz kimi, 25-26 dekabr tarixlərində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq media və turizm sənayesi nümayəndələrinin iştirakı ilə “Ulu Öndər Heydər Əliyevin izi ilə” turunun təqdimatı keçirilib. Qonaqlar 2 gün ərzində Naxçıvan Muxtar Respublikasının tarixi abidələrini və görməli yerlərini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikasında son dövrlərdə həyata keçirilən turizmyönümlü yeniliklər barədə Turizmplus.az saytının baş redaktoru, turizm eskperti Rəhim Qədirovun hazırladığı məqaləni oxucularımıza təqdim edirik:

Naxçıvan Muxtar Respublikasının çox zəngin turizm potensialı var. Bu istiqamət turizmin əsas növlərini — mədəni turizm, eko turizm, müalicə (sağlamlıq) turizmi, qastroturizm və s. özündə birləşdirir. Turizm üçün vacib sayılan yol infrastrukturu mövcuddur.

Hotellər

6-sı böyük olmaqla 25 hotel yeni mərhələ və turist axını üçün kifayət qədər yataq sayı deməkdir. Hotellərdə keyfiyyət və xidmətlə bağlı çatışmazlıqlar var ki, mütləq aradan qaldırılmalı, ixtisaslı və dil biliyi olan işçilər yetişdirilməlidir.

İaşə müəssisələri — Qastroturizm

Şəhərdə, eyni zamanda MR ərazisində 150 turistdən çox qrupu qəbul edib peşəkar xidmət göstərəcək iaşə müəssisəsi (restoran, kafe, klub) yoxdur. Bu mənada MR rəhbərliyi tərəfindən sahibkarlara şərait yaradılmalı, investisiya qoyuluşu üçün münbit zəmin təmin edilməlidir. Bununla yanaşı, Naxçıvanın zəngin qastroturizminə daha çox diqqət ayrılmalı, beynəlxalq bazarda tanıtımların miqyası genişlənməlidir.

Bələdçilər

MR ərazisində fəaliyyət göstərən peşəkar turist bələdçilərinin sayı 10 nəfərdir. Təbii ki, gələcəkdə turist axını yaşanarsa təklifə görə tələbat da yaranacaq. Ancaq bu proses kor-təbii yox, planlı, peşəkar davam etdirilməli, bu istiqamətin tarixi zənginlikləri ilə yanaşı həm də ruhuna bələd olan bələdçilər hazırlanmalıdır.

Kolorit

Burada hər tarixi abidənin və hər kəndin özünəməxsus koloriti, ab-havası var. Bəzi tarixi abidələrin restavrasiyası uğursuz olsa da aurasını itirməyib. İlk dəfə səfər etdiyimiz Ordubad məndə xoş təəssüratlar yaratdı. Bu təəssüratları olduğu kimi həm yerli həm də xarici turistlərə çatdırmaq mütləqdir.

Turizmin inkişafı fonunda iş yerlərinin yaradılması

Sonda qeyd edim ki, Naxçıvanda inkişaf müşahidə edilir. Post-pandemiya dövründə turizmin canlanması üçün müxtəlif addımlar atılır. Vacibdir; ona görə ki, turizmin inkişafı digər sahələrdə də iqtisadi yüksəlişə səbəb olacaq. Bu proseslər fonunda Muxtar Respublikada yeni iş yerlərinin yaradılması labüddür. Bu istiqamətdə gənc peşəkarlar da əllərindən gələn köməyi MR rəhbərliyindən əsirgəməməlidir. Ancaq bu halda inkişafın növbəti mərhələsinə keçid ediləcək.

Sonda dəvətə görə, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına təşəkkürümü bildirirəm. İsti münasibət və qonaqpərvərliyə görə isə əməyi keçən bütün naxçıvanlı dostlarımıza minnətdaram.

Yenidən görüşənədək, Naxçıvan !

RƏHİM QƏDİROV

Menecerlər