Ah İstanbul İstanbul olalı… — RƏHİM QƏDİROV YAZIR

WhatsApp Image 2024 02 12 at 17.56.20 175ed593

«Muzeylərə giriş biletlərinin qiymətlərini çox ciddi artırmağımıza rəğmən Topkapı və Ayasofyadan sonra ən çox ziyarətçi qəbul edən məkan Qalata qülləsidir».

Bir neçə həftə öncə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoyun müsahibəsini dinləyəndə bu sözlərə ötəri yanaşmış, qiymət artımının tam olaraq nə qədər olması barədə maraqlanmamışdım. Yaxın günlərdə yolum İstanbula düşməsə idi yəqin ki, son aylar baş verən dəyişikliklər, turistik məkanlarda fantastik qiymət artımları barədə fikrim formalaşmayacaqdı.

Əvvəlcə təəssüf hissi ilə qeyd edim ki, bu yazı neqativdən ibarətdir və çox sevdiyim İstanbula bu yöndən baxmaq ağrılıdır.

Türkiyə iqtisadiyyatında baş verən olayları hər kəs yaxından izləyir və agahdır. Bu səbəbdən daha çox yorucu statistikalara deyil, konkret gördüklərimə və təcrübəyə əsaslanacam.

HOTELLƏR

İstanbulun mərkəzi küçələrində hotel saylarının ildən-ilə artmasına rəğmən doluluq faizi də artan templə inkişaf edir. Lüks hotellər istisna olmaqla digər ulduz təsnifatlı hotellərdə köhnəlmə, «qocalma» və sıradan çıxma müşahidə olunur. 9 il öncə gecələdiyim hotelə baş çəkdim; Bu illər ərzində köklü təmir işləri aparılmasa da yerləşmə qiymətlərində 150%-dan çox artım var idi. Bu mənzərə bir hotelin deyil, bütünlükdə İstanbulun mənzərəsidir.

Qiymət artımları yalnız hoteldə gecələmə xərclərinə deyil, hoteldaxili əyləncə, qidalanma və s. xidmətlərə də yansıyıb. Müqayisə üçün deyim ki, bəzi 4* hotellərdəki qiymətlər Avropanın lüks hotellərindəki qiymətlərlə ya eyni ya da artıqdır.

RESTORANLAR

Bugünlərdə İstanbula yolunuz düşəcəksə və fantastik qiymətlərlə qarşılaşmaq istəmirsinizsə Sultanahmet və Ayasofya ətrafındakı restoranlardan uzaq durmalısınız. Məsələn, bu mükəmməl tarixi məkanları gəzib bitirdikdən sonra çay içmək istəsəniz bir armudu stəkan çay üçün 3-5 avro (9.15 AZN) ödəməli olacaqsız, üstəlik servis haqqı.

Turistik ərazilərdə yerləşən restoranlarda ötən illərə nisbətən daha az insan müşahidə edilir. Menyularda 100%-dən çox bahalaşma, yeməklərin miqdarında azalma var. Turistik ərazilərdə qidalanan Türk vətəndaşlarını görmək qəliz məsələdir.

MUZEYLƏR VƏ SARAYLAR

İstanbul haqqında ilk ətraflı reportajı 2014-cü ildə hazırlamışam. Həmin günlərdə kifayət qədər az məbləğlə çox məkan gəzmək qismət olmuşdu. Müqayisə üçün 2014-2024 muzeylərə və saraylara giriş qiymətlərini bölüşürəm və bu mövzu barədə əlavə fikir bildirmirəm.

2014

1. Topkapı sarayı – Giriş 25 TL ( Harem 15 TL) – 8.90 AZN ( Sultanın otaqları əlavə 5.30 AZN)
2. Sultanahmet Camii – Giriş pulsuzdur.
3. Ayasofya – Giriş 20 TL – 7 AZN
4. Yerebatan Sarnıcı – Giriş 10 TL – 3.5 AZN
5. Bosfor Gəzintisi – Eminönü adlanan bölgədə 45 TL-dən başlanır. 1 dəqiqəlik söhbətdən sonra qiyməti 30 TL (10.90 AZN )-ə endirə bilərsiz.

2024

1. Topkapı sarayı – 1500 TL (83 AZN)
2. Sultanahmet Camii – Giriş pulsuzdur.
3. Ayasofya – Giriş 25 AVRO – 827 TL (45.80 AZN)
4. Yerebatan Sarnıcı – 600 (saat 09.00-18.30) — 1000 TL (saat 19.30-22.00) (33 — 55 AZN)
5. Bosfor Gəzintisi – 150 TL (8.31 AZN)

muze fiyatlari

ALIŞ-VERİŞ

«Alış-veriş üçün İstanbul daha sərfəlidir»… Hazırki qiymətlərə əsasən, bu ifadə tarixə qovuşur. Müasir texnologiyaların, karqo şirkətlərinin və alış-veriş saytlarının yaranmasından sonra bu istiqamət aktuallığını itirməyə başlamışdı. Od kimi yanan qiymətlər Azərbaycan vətəndaşları üçün artıq heç sərfəli deyil. Bu mənada doğma İstanbul «shopping tourism» istiqaməti olaraq sıradan çıxmağa başlayır.

Türkiyədə bahalaşmasına baxmayaraq Azərbaycanla müqayisədə daha keyfiyyətli və ucuz olan sektor dərman sektorudur. Buna görə də vətəndaşlarımız daha çox bu yöndə alış-veriş etməyə üstünlük verirlər.

SONDA…

İstanbul həm orta gəlirli, həm də zəngin Azərbaycan vətəndaşlarının hər il, hətta ildə bir neçə dəfə ziyarət etdiyi istiqamətlərdən biridir. Dövrümüzdə səyahət istiqamətləri arasında rəqabət mühiti formalaşır və insanlar yeni şəhərlər, ölkələr kəşf etmək arzusuna düşürlər. Bu mənada böyük rolu birbaşa uçuşlar, dil və din məsələləri oynasa da, həmin ölkələrdəki qiymətlər də turistləri maraqlandıran əsas mövzulardandır.

Ümid edirəm sürətli və fantastik qiymət artımı İstanbulu bu rəqabət mühitində Azərbaycan vətəndaşları üçün əlçatmaz istiqamət halına gətirməz.

 

RƏHİM QƏDİROV | İstanbul 2024

Menecerlər